Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana qarşı haqsız mövqeyi ölkənin ərazi bütövlüyünün bərpası ilə əlaqədardır. Bunu Azərbaycan Prezidenti İlham Əliyev avqustun 30-da Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən deyib. Bir sıra Qərb təsisatlarında anti-Azərbaycan qüvvələrin ölkəyə qarşı haqsız və ədalətsiz münasibətinə toxunan dövlət başçısı vurğulayıb ki, Avropa Şurası Parlament Assambleyasında bizim əleyhimizə olan mövqe bilavasitə öz ərazi bütövlüyümüzü və suverenliyimizi təmin etməyimizlə əlaqədardır. Eyni zamanda, Prezident İlham Əliyev vurğulayıb ki, artıq keçmişin qalığı olan ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan təsisatlar tamamilə ləğv edilməlidir. Dövlət başçısı Minsk qrupunun ləğv edilməməsi ilə bağlı Ermənistanın mövqeyinin heç bir halda başadüşülən olmadığını deyib: "Çünki əgər münaqişə keçmişdə qalıbsa və Ermənistanın baş naziri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini ifadə edirsə, onda keçmişin qalığı olan Minsk qrupunun saxlanmasına nə ehtiyac var?!" Dövlət başçısı deyib ki, görünür, Ermənistan sülh müqaviləsində və regionda davamlı sülhün əldə edilməsində maraqlı deyil.
Digər tərəfdən isə RİA “Novosti”yə müsahibəsində Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov bildirib ki, Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası faktiki olaraq Azərbaycan, Rusiya və İran əleyhinə kəşfiyyat məlumatları toplayır. O bildirib ki, ABŞ və müttəfiqləri Ukrayna və bir sıra dövlətlərdə mövcud marionet hakimiyyətlər vasitəsilə Rusiyanın qonşuluğundakı münaqişə ocaqlarını alovlandırmaq üçün istənilən addımlara hazırdır: “Bu regiona müdaxiləyə, məsələn, Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasını göstərmək olar. Kanadadan olan “ekspertin” də onun tərkibinə daxil edilməsi ilə bu missiya NATO-nun naməlum məqsədlərə xidmət edən əməliyyatına çevrilib. Bu müşahidə missiyasının məxfiliyi və nə Ermənistana, nə də Azərbaycana tabe olması onun Qərbin hibrid müharibə aləti olduğunu deməyə əsas verir. Faktiki olaraq bu missiya Azərbaycan, İran və Rusiyaya qarşı kəşfiyyat məlumatları toplamaqla məşğuldur”.
Ermənistanın son zamanlar Rusiya və İrandan qoparaq Qərbə doğru istiqamət aldığını bildirən politoloq Zeynal Əmrəliyev "Sherg.az"a söyləyib ki, Avropa İttifaqının müşahidə missiyasının Ermənistana dəvət olunma səbəbləri, əsasən, üç ölkəyə qarşı yönəlib:
“Yəni həmin qurumlar Azərbaycan, Rusiya və İrana qarşı fəaliyyət göstərən qüvvələrdir. Baxmayaraq ki, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri sözügedən məsələlərə etiraz edir. Amma faktiki olaraq Amerika Birləşmiş Ştatlarının hərbi kontingenti regional dövlətlərə qarşı Ermənistanda mövqe tutublar. Bütün bunlar göstərir ki, Ermənistan təkcə Azərbaycanla deyil, eyni zamanda Rusiya və İrana qarşı da müəyyən təxribatların içərisindədir. Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının Azərbaycan, Rusiya və İran əleyhinə açıqlamalar verməsi də sözügedən prosesin bir daha sübutudur”.
Ekspert qeyd edib ki, Nikol Paşinyanın rəsmi İrəvandakı fəaliyyətinin məhz regional əməkdaşlığa balta vurması təəssüf doğuran amildir:
“Digər tərəfdən isə Azərbaycan Prezidenti İlham Əliyevin regionda apardığı siyasətin əksinədir. Yəni Azərbaycan dövləti maksimum şəkildə regional əməkdaşlığı gücləndirməyə çalışsa da, Ermənistan bunun əleyhinə addımlar atır. Nikol Paşinyan Amerika Birləşmiş Ştatları, Avropa İttifaqına yaxşı görünmək və Qərb hərbi blokuna özünü sırımaq üçün onları Cənubi Qafqaza gətirməklə regional əməkdaşlığın əleyhinə xidmət edir. Bu isə regionda ümumi təhlükəsizlik və sabitliyin qarşısını alan əsas məsələdir. Ermənistan sözügedən hərəkətlərinə davam edərsə, onun faciəsi ilə nəticələnəcək. Çünki regional ölkələri hazırkı vəziyyətdən narahatdır. Bununla bağlı İran və Rusiya tərəfindən açıqlamalar gəlir. Azərbaycan isə açıq şəkildə kənar dövlətlərin regiona müdaxiləsinin yolverilməz olduğunu bildirib. Həmin ölkələrdən Azərbaycana qarşı hansısa təzyiq metodu sezilərsə, rəsmi Bakı dərhal cavab verəcək".