Prezident dövlətin və millətin taleyi ilə bağlı bütün məsələləri açıq şəkildə xalqa çatdırır -ŞƏRH

Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında Ermənistan-Azərbaycan sülh müzakirələri haqda danışarkən deyib ki, aylar keçdikcə, təbii olaraq biz gözləyirdik ki, Ermənistan öz şərhlərini bizə daha operativ və çevik verəcək. Ancaq biz bunun tam əksini gördük. Son variantın onlardan alınmasını biz 70 gün gözləməli olduq. İyunun 24-də bizim şərhlərimiz onlara göndərildi və avqustun sonunda, ya da ki, sentyabrın əvvəlində onlar bizə cavab göndərmişdilər. İlham Əliyev həmin cavabın nədən ibarət olduğuna aydınlıq gətirib. O bildirib ki, bütün razılaşdırılmamış müddəalar onların variantında sülh müqaviləsindən çıxarıldı. Yəni, bu dərəcədə primitiv və qeyri-adekvat addım, sözün düzü, gözlənilən deyildi. Mətndən çıxarılmış, yəni, onların istəyi ilə çıxarılması nəzərdə tutulan müddəalar vacibdir. Onlarsız sülh müqaviləsi natamam olacaq. Ona görə bu qədər qeyri-səmimi münasibət bizi təbii olaraq düşündürür. Bayaq dediyim amillərlə yanaşı, əgər biz bütün bu amilləri necə deyərlər, bir çərçivəyə salsaq, görərik ki, həm sürətli silahlanma, revanşizm meyilləri, həm də Ermənistanın himayədarlarının bizə qarşı yenidən Qarabağ mövzusunu ortaya atması, sülh müqaviləsinin gedişatında qeyri-adekvat və qeyri-səmimi münasibət, vaxt uzatma taktikası və digər məqamlar deməyə əsas verir ki, Ermənistan, əslində, sülh istəmir, vaxt uzatmaq, bu vaxtdan istifadə edərək, xarici himayədarların dəstəyi ilə hərbi potensial qurmaq istəyir. 

Görünən odur ki, Ermənistan ABŞ-dan aldığı 250 milyon vəsaitdən silah almaq üçün istifadə edəcək. Avropa Sülh Fondu bu vəsaiti vermək üçün vasitə kimi istifadə olunur. Sülh üçün nəzərdə tutulan təsisat silahlandırma üçün istifadə edilir. Buna görə də Ermənistanı silahlandıranlar bilməlidirlər ki, bütün gələcək hadisələrə birbaşa onlar cavabdehlik daşıyacaqlar. Ermənistan isə Azərbaycana qarşı rəsmi ərazi iddialarına son qoymalı, Konstitusiyasına dəyişiklik edilməlidir, Minsk qrupu da ləğv olunmalıdır. 

Siyasi şərhçi Azər Həsrət “Sherg.az”a bildirib ki, Prezident İlham Əliyevin çox gözəl xüsusiyyəti var:

“Çünki o, dövlətin və millətin taleyi ilə bağlı bütün məsələləri açıq şəkildə xalqa çatdırır. Yəni prosesləri aydınlığı ilə ictimaiyələşdirir ki, nələrin baş verdiyindən hər kəsin xəbəri olsun. Ermənistanın sözügedən davranışı ilə bağlı deyilənlər də həmin qəbildəndir. Azərbaycan cəmiyyətində elə adamlar olur ki, ortaya atılıb niyə sülh müqaviləsi imzalanmır kimi fikirlər səsləndirirlər. Hətta sapı özümüzdən olan baltalar Azərbaycanı sülh sazişini bağlamaqda maraqlı olmayan tərəf kimi göstərməyə çalışırlar. Əslində isə Azərbaycan mümkün qədər tez bir şəkildə sülh müqaviləsini imzalamağa hazırdır. Amma göründüyü kimi Ermənistan prosesi uzatmağla məşğuldur. Paralel şəkildə silahlanmağa və revanşizm üçün imkanlar əldə etməyə səy göstərir. Amma bütün bunlar Ermənistanı heç də yaxşı istiqamətə aparmır. Azərbaycan 44 günlük müharibədən sonra Ermənistana  sülh müqaviləsinin imzalanması üçün yetərincə uyğun şərtlər təklif edib. Eyni zamanda qarşı tərəfi normal münasibətləri bərpa etməyə çağırırdı. Ermənistan isə Qərb, xüsusilə də Fransanın qızışdırıcı addımlarıyla Azərbaycanın üzərinə gəlməyə davam etdi və əlavə tələblər irəli sürdü. Digər tərəfdən Rusiya sülhməramlı qüvvələri tərəfindən Qarabağdakı ermənilər silahlandırıldı və əhalinin sayı suni formada artırıldı. Ancaq nəticə etibarilə 2023-cü ildə keçirilən lokal xarakterli antiterror tədbirləriylə bütün ermənilər Azərbaycan torpaqlarını tərk etdilər. Yəni Ermənistanın revanşist addımları özünü daha pis vəziyyətə saldı. Ona görə də Azərbaycan daim Ermənistana bildirir ki, havadarlarına güvənib rəsmi Bakıya diş qıcamasınlar. Ermənistanın silahlanmağa və hərbi potensialını artırmağa ehtiyacı yoxdur. Ermənistan isə onsuz da kasıb ölkədir, niyə bu qədər xərc edib silahlanır?”.