Türkiyənin dilin coğrafiyasını, əhatə dairəsini, təsir imkanlarını genişləndirmək istəyi doğru siyasətdir
Rusiya KİV-lərində çalışan şəxslərə türk dili tədris olunacaq. Onlar təxminən bir ilə türk dilini öyrənə biləcəklər. “Report” xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Rusiyanın paytaxtı Moskvada Yunus Emre İnstitutunda çıxışı zamanı deyib. O bildirib ki, Türkiyə ilə Rusiya arasında dostluq əlaqələrinin ən mühüm komponentlərindən biri türk dilidir: "Dünyanın bir çox ölkəsində insanlar türk dilində kifayət qədər yaxşı danışırlar".
Siyasi şərhçi Azər Həsrət “Sherg.az"a açıqlamasında qeyd etdi ki, təkcə jurnalistlərə deyil, ümumiyyətlə, istənilən şəxsə bir dilin öyrədilməsi həmin dilin sahibi olan xalqın və dövlətin qlobal siyasətində mühüm yer tutur:
" Fikir versəniz görərsiniz ki, Rusiyanın özü rus dilinin dünyada hələ də ayaqda qalmasına çalışır. Azərbaycanda biz bunu imperialist ekspansiya olaraq görürük və həyəcan təbili çalırıq. Ölkəmizdə 350-yə yaxın orta məktəbdə rus dili tədris olunur. Üstəlik, bizim dövlət vəsaiti hesabına. Rus dilinin qorunması, öz təsirini qoruyub saxlamaq baxımından Rusiyaya lazımdır. Eyni şeyi İngiltərə də edir, Fransa da. Fransa Ermənistanı fransızdilli ölkələr təşkilatına üzv edib. Eyni şeyi ərəb ölkələri də edir. İslam dini adı altında ərəb dilini yayırlar. Bu, dövlətlərə öz təsirlərini qoruyub saxlamaq baxımından lazımdır. Rusiya da rus dilinin yayılmasında imperiya siyasətinə əsaslanır. Lakin türk xalqları və dövlətləri imperialist iddialarla deyil, sadəcə, öz mədəniyyətini, dilini dünyaya çatdırmaq baxımından, daha çox yaymaq məqsədilə dilin öyrədilməsini vacib sayırlar. Bu mənada türk dövlətləri digər dövlətlərdən geri qalmamalıdırlar. Rusiyada türk dilinin öyrədilməsi Rusiyanı təsir dairəsində tutmaq üçün deyil, həmin dövlət ərazisində yaşayan milyonlarla türkün bu vasitə ilə əlaqələrini gücləndirməsi baxımından atılan addımdır. Yəni Türkiyənin bu addımı – türk dilinin öyrədilməsi imperialist məqsədlərə xidmət etmir, türk dilinin işlənmə coğrafiyasının genişlənməsinə, türkdilli xalqların daha da yaxınlaşmasına, ünsiyyət saxlamasına xidmət edir".
A.Həsrət qeyd etdi ki, hazırda dünyada 200 milyon insan türk dilində, yaxud da 300 milyona yaxın insan türk dillərindən birinin ləhcəsində danışır:
" Bu baxımdan Türkiyənin dilin coğrafiyasını, əhatə dairəsini, təsir imkanlarını genişləndirmək istəyi doğru siyasətdir. Və bu istəyi reallaşdırması alqışlanmalıdır. Bu, türk dilinin qlobal dil olması səbəbindən atılan addımdır. Digər türk dövlətləri də bu siyasətin ardınca getməlidirlər. Bu çalışmalar bir qədər də səylə aparılsa, türk dili BMT-nin rəsmi dilləri sırasına daxil ola bilər".