Şərti sərhədlərin Göyçə gölünə tərəf çəkilməsi istisna edilməməlidir -ANALİTİK

Göyçə gölü Azərbaycanın istifadəsinə veriləcək, sərhəd gölünü ortasından keçəcək.
Bu iddia ilə erməni ekspert Armine Adibekyan çıxış edib.
Adibekyan bildirib ki, Göyçə gölünün bir hissəsinin Azərbaycana təhvil veriləcəyi haqda məlumatlar var. O bildirib ki, Azərbaycan-Ermənistan danışıqları davam edir, biz detalları bilmirik, lakin Bakının tələblərindən xəbərdarıq. Bu tələblərdən biri də Zəngəzur dəhlizidir. Ermənistanın bu dəhlizə müdaxiləsi olmayacaq, nə iqtisadi, nə hüquqi, nə də nəzarət baxımından. Ermənistan ərazisindən xarici dəhliz keçəcək və rəsmi İrəvan bu yoldan istifadə edəndə pul ödəyəcək. Dəhlizin cənubundakı ərazilər Ermənistanın yurisdiksiyasından çıxacaq. 

Siyasi şərhçi Asif Nərimanlı “Sherg.az”a söyləyib ki, Ermənistanda bu cür məsələlər adətən hakimiyyətə qarşı ittiham kimi istifadə olunur:

“Armine Adibekyan daha çox azərbaycanşünas sayılır. Onun əsas fəaliyyət sferası Azərbaycan və Ermənistan münasibətləridir. Eyni zamanda müxalif mövqeli olduğuna görə zaman-zaman belə fikirlər səsləndirir. 44 günlük müharibədən sonra Azərbaycan Cənubi Qafqazda qalib ölkə oıaraq diqtə edən tərəfdir. Ermənistan isə bir çox məsələlərdə Azərbaycanın şərtlərini yerinə yetirmək məcburiyyətində qalıb. Biz bunun Qazaxın 4 kəndinin qaytarılmasında daha aydın müşahidə etdik. Belə mövzular isə erməni ictimai rəyində bundan sonrakı dövr üçün fikirlər formalaşdırır ki, Azərbaycan hansı tələbi irəli sürsə, Ermənistan hakimiyyəti həyata keçirəcək. 2023-ci il sentyabr döyüşlərindən sonra Azərbaycan Bala Göyçənin sahilinə doğru nərazət etmə imkanı qazanıb”.

Ekspert söyləyib ki, daha sonrakı dövrdə şərti sərhədlərin Göyçə gölünə tərəf çəkilməsi də istisna edilməməlidir:
“Təbii ki, Azərbaycan hər zaman sülhün tərəfdarıdır. Eyni zamanda hər şeyin danışıqlar masasında həllini irəli sürür. Ermənistanın Qərb tərəfindən silahlandırılmasına baxdıqda rəsmi İrəvanın yenidən sərhəddə təxribat törətməsi qaçınılmazdır. Əgər belə təxribatlar olarsa, Azərbaycan ordusunun adekvat cavabı həmin şərti sərhədləri tarixi torpaqlarımızın dərinliklərinə doğru aparması formasında olacaq. Belə olan halda Azərbaycan üçün Göyçə gölünə nəzarət etmək heç də çətin olmayacaq. Amma sərhəddin həmin gölün ortasından keçmə məsələsi danışıqlar formatında aydınlaşacaq. Ermənistan tərəfi isə sərhəd məsələsinə iki istiqamətdən yanaşır. Birincisi rəsmi İrəvan sərhədlərin SSRİ dağıldıqdan sonrakı xətlər üzərində aparılmasını istəyir. Digər tərəfdən isə orduların qarşılıqlı şəkildə geri çəkilmə prinsipini ortaya qoyur. Bu isə Azərbaycan Ordusunun bərpa etdiyi strateji yüksəkliklərdən geri çəkilməsi deməkdir. Azərbaycan tərəfi isə bunları qəbul etmir. Ermənistanın hazırkı mövqeyi heç də Adibekyanın dediyi kimi deyil”.