Oktyabrın 26-da baş tutacaq seçkilərdə sadəcə yeni hökuməti hansı qüvvətlərin formalaşdıracağı yox, həm də ölkənin iyirmi ildir sadiq qaldığı Avropaya inteqrasiya kursu ilə davam edəcəyi, yoxsa bu vektordan çıxıb Şimala yönələcəyi məsələsi də aydın olacaq. Bu regiona, o cümlədən Azərbaycana da təsirsiz ötüşməyəcək. Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CSSC) analitikləri hesab edirlər ki, seçkilərin nəticələrindən və hakimiyyətə hansı qüvvələrin gəlməsindən asılı olmayaraq, Azərbaycan və Türkiyə Gürcüstanla üçtərəfli formatda əməkdaşlığı gücləndirməli və bu ölkə üçün yarana biləcək təhdidlərin qarşısının alınmasında ona köməklik göstərməlidir.
Sosial Tədqiqatlar Mərkəzinin departament rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli “Sherg.az”a bildirib ki, əlbəttə, Gürcüstanda parlament seçkiləri zamanı indiki hakimiyyətin qalib gəlməsi Azərbaycan üçün vacibdir:
“Çünki Qərbin dəstəklədiyi agenturaya xidmət edən siyasi şəxslərin Gürcüstanda hakimiyyətə gəlməsi Azərbaycan üçün mənfi nəticələr doğura bilər. Gürcüstan prezidentinin simasına baxdıqda həmin təhlükələrin nədən ibarət olduğu bəlli olar. Azərbaycan və Gürcüstan münasibətləri stratejidir. Bu gün Azərbaycanla Gürcüstan arasında qarşılıqlı-faydalı əməkdaşlıq münasibətləri mövcuddur. Eyni zamanda Gürcüstanla Azərbaycanı möhkəm siyasi münasibətlər, strateji əlaqələrlə yanaşı, mühüm qlobal və regional layihələr birləşdirir. Qeyd etmək lazımdır ki, Gürcüstanda keçirilən seçkilərin başqa ssenari ilə davam etməsi ölkənin özünün gələcəyini də qeyri-müəyyən taleyə sürükləyər. Ona görə də Gürcüstanda baş tutacaq parlament seçkiləri regional və qlobal münasibətlər fonunda izlənən maraqlı proseslərdən biridir”.