Postsovet məkanının cənub tərəfində NATO ilə Azərbaycan qədər güclü əlaqələri olan ikinci ölkə tapmaq mümkün deyil. Bu sözlər erməni ekspert Arman Abovyanın məqaləsində yer alıb. O iddia edib ki, NATO Türkiyə və Azərbaycanla birgə Ermənistanın cənub hissəsinə nəzarəti Bakıya vermək üçün hər şeyi edir. Abovyan NATO generallarının ötən həftə Azərbaycana gəlib, Hərbi Qənimətlər Parkını ziyarət etməsinin Ermənistandakı qərbyönlülər üçün biabırçılıq olduğunu bildirib.
Politoloq Sultan Zahidov “Sherg.az”a söyləyib ki, Arman Abovyanın məqaləsi tamamilə cəfəngiyatdır:
“Məqalədə həqiqəti əks etdirməyən ifadələr yer alıb. Təbii ki, Azərbaycanın NATO ilə 1992-ci ildən başlayan qüvvətli əməkdaşlıq əlaqələri var və sülh naminə tərəfdaşlıq proqramına üzvdüyük. Həmçinin Azərbaycan NATO-nun sülhməramlı əməliyyatlarında iştirak edib. Amma Azərbaycanın NATO-nun iradəsi ilə hərəkət etməsi, Ermənistanın Cənubuna iddiaları ilə bağlı fikirlər reallığı əks etdirmir. Azərbaycan balanslı siyasət yürüdür və hansısa bloka bağlı deyil. NATO-nun Qərb ölkələri, xüsusilə Amerika Birləşmiş Ştatları Ermənistanı dəstəkləyən dövlətlərdir. Onların Ermənistana yardımları kifayət qədər çoxdur. Əksinə olaraq Azərbaycana qarşı sərt bəyanatlar səsləndirirlər. Bu gün Ermənistanda NATO texnikası və silahları mövcuddur. Ona görə də NATO-nun Azərbaycanla daha yaxın olma fikirləri real görünmür. NATO generallarının Azərbaycana gəlməsi normal haldır. Azərbaycandan olan nümayəndələr də NATO-nun strateji obyektlərinə səfərlər həyata keçirirlər. Qeyd etmək lazımdır ki, Donald Trampın prezidentliyi dövründə ABŞ-nin planı vardı ki, Azərbaycan və Türkiyənin vasitəsilə Rusiya və İranı Cənubi Qafqazdan çıxarsın. Amma həmin plan həyata keçmədi. Çünki həmin planın reallaşması Azərbaycan və Ermənistan arasında diplomatik münasibətlər yaranmalı və hər iki ölkə İranla müəyyən məsafə saxlamalıydılar. İndi də NATO Cənubi Qafqazdan Rusiyanı çıxarmaq üçün region ölkələrinə təsir göstərməyə cəhd göstərir. Amma Azərbaycan heç bir ölkənin və təşkilatın iradəsinə boyun əyəcək dövlət deyil”.