Terrorun Baxçalının çıxışı ilə əlaqəsi var? - AÇIQLAMA

Ərdoğanın Rusiyaya səfəri zamanı reallaşan teraktla Türkiyənin BRICS yönündə addımlarına qarşı mesaj verilə bilər


  Ötən gün Ankarada dövlət aerokosmik şirkəti – TUSAŞ-a terror hücumu olub. Hücum zamanı 5 nəfər şəhid olub, 22 nəfər isə yaralanıb. Terroru həyata keçirən iki nəfər zərərsizləşdirilib və onlardan birinin şəxsiyyəti bəlli olub. Teraktı törədənin PKK üzvü, “Rojger” kod adlı Əli Örək olduğu təsdiqlənib. Türkiyə milli müdafiə naziri Yaşar Gülər deyib ki, Türkiyə heç vaxt, heç bir təhdidə boyun əyməyib. İnanıram ki, TUSAŞ əməkdaşları bundan sonra da daha qətiyyətlə çalışacaqlar. O bildirib ki, hər zaman müdafiə sənayesinə dəstək verəcəyik, onların yanında olacağıq: “TUSAŞ-ın hədəfə alınması təsadüfi deyil. İraqda 29, Suriyada isə 18 hədəf tam dəqiqliklə vurulub, çoxlu sayda terrorçu zərərsizləşdirilib. Son terrorçu bu coğrafiyadan məhv olana qədər mübarizəmizi davam etdirəcəyik”. Prezident Rəcəb Tayyib Ərdoğan Kazanda proqramını yarımçıq qoyaraq Türkiyəyə qayıdıb. Prezidentin oktyabrın 24-də Kazanda planlaşdırılan görüşləri təxirə salınıb. Ərdoğan rəsmi ziyafətdə də iştirak etməyib. Ərdoğan deyib ki, TUSAŞ-a qarşı terror aktı “Tam Müstəqil Türkiyə” idealını, millətin əmin-amanlığını və müdafiə təşəbbüslərini hədəf alan alçaq bir hücumdur: "Millətimiz bilməlidir ki, Türkiyəyə uzanan çirkli əllər mütləq qırılacaq. Təhlükəsizliyimizi hədəfləyən heç bir quruluş, heç bir terror təşkilatı, heç bir şər qüvvə öz məqsədlərinə çata bilməyəcək". Ankara şəhərində FETÖ/PDY terror qruplaşması ilə əməkdaşlıqda şübhəli bilinən 12 şəxs saxlanılıb. Bildirilib ki, onlar haqqında hüquqi prosedur başladılıb. Türkiyə Böyük Millət Məclisinin sədri Numan Qurtulmuş deyib ki, terror hücumunun Prezident Rəcəb Tayyib Ərdoğanın səfərdə olduğu vaxt həyata keçirilməsi təsadüfi deyil. TBMM başqanı bildirib ki, Türkiyə terrorla mübarizəni sona qədər davam etdirəcək. ABŞ də müttəfiqi Türkiyənin yanındadır və terror aktını qətiyyətlə pisləyib. ABŞ Dövlət katibi Antoni Blinken terror aktına münasibət bildirərkən deyib ki, onun duaları qurbanlar və onların ailələri ilədir. 

  Türkiyəli professor, Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədri Hasan Oktay deyib ki, TUSAŞ-a edilən terror hücumu çoxməqsədlidir. Professorun sözlərinə görə, bu hücum MHP sədri Dövlət Baxçalının terrorçuların rəhbəri A.Öcalanla bağlı açıqlamasına reaksiya kimi dəyərləndirilsə də, inandırıcı deyil: 

"Baxçalının açıqlamasında PKK-nın maraqlarına zidd bir şey yox idi. Çünki MHP rəhbəri PKK liderinin həbsdən çıxarılması ilə bağlı çıxış etmişdi. Həmçinin Baxçalının çıxışından bir gün sonra belə bir teraktın planlaşdırılması, kəşfiyyat işi aparılması, silah-sursatın bir araya gətirilməsi mümkün görünmür. Yəni zaman baxımından bu hücumun Baxçalının çıxışı ilə çox əlaqəsi yoxdur. Başqa ehtimallar da var. Ərdoğanın Rusiyaya səfəri zamanı reallaşan teraktla Türkiyənin BRICS yönündə addımlarına qarşı mesaj verilə bilər. Bəzi güclər öz əllərini gücləndirmək məqsədilə PKK-nın əliylə bu hücumu hazırlaya da bilər. Rusiyanı da gözardı etmək olmaz. Eyni zamanda İsrail kəşfiyyatı da Türkiyəyə cavab üçün belə bir addım ata bilər. Məlum olduğu kimi, 7 oktyabr hücumundan, yəni HƏMAS-ın İsraili vurmasından sonra PKK Şimali İraqda Türkiyəyə qarşı hücumlar təşkil etdi. Lakin bu hücumların metodu PKK-nın fəaliyyət statistikasına zidd idi. Aydın idi ki, PKK başqa güclərin sifarişi ilə Türkiyəni hədəf alıb. Planın arxasında İsrail, Rusiya kimi ölkələrin olma ehtimalı istisna edilmir. Onu da qeyd edim ki, terakt baş verən gün İstanbulda böyük müdafiə sənayesi sərgisi keçirilirdi. Bunu nəzərə alsaq, bəzi məqamlar üzə çıxar. Türkiyə hökumətinin müdafiə sənayesinə verdiyi yüksək dəstək, əldə edilən uğurlar və bunların hökumətin təbliğatına çevrilməsi, hər platformada gündəmə gətirilməsi diqqətləri TUSAŞ-ın üzərinə çəkdi". 

  Siyasi şərhçi Bəybala Mirzəyev də bildirib ki, bu, sıradan bir terror hadisəsi deyil. Onun sözlərinə görə, Türkiyənin siyasi seriallarında yer alan terakt səhnələri təəssüf ki, artıq gerçək həyat hadisələrinə çevrilir

"Terrorçular nədən məhz TUSAŞ-ı hədəf seçiblər? Çünki TUSAŞ qardaş ölkənin ən strateji hərbi müəssisələrindən biri (daha doğrusu, birincisi) sayılır. Bura Türkiyənin yüksələn hərbi gücünün simvoluna, rəmzinə çevrilib. Türkiyənin milli müdafiə sənayesinin göz bəbəyi sayılan bu zavodda təyyarələr, helikopterlər, PUA-lar, kosmik texnologiyalar istehsal olunur. Bu xain terror hücumunun MHP lideri Dövlət Baxçalının PKK-nın həbsdə olan lideri Abdullah Öcalanın əfv olunması təklifi ilə ilgili olduğunu deyənlər də var. Bəs terroru törədən xainlər hara, kimə, hansı dövlətlərə bağlıdır? Terroru PKK və PYD təşkil edib. Bu örgütlərin arxasında isə hansı ölkələrin dayandığı məlumdur. Bəllidir ki, bu gün TUSAŞ-ı hədəfə alanlar bununla Türkiyəyə hansısa mesajları vermək istədilər. Ancaq Türkiyə xain teraktlar qarşısında sarsılacaq ölkə deyil. Keçmiş olsun, Türkiyə!".