Qərb dairələri Cənubi Qafqaz regionunda yeni münaqişə ocağı yaratmağa çalışırlar
“Ona görə də bölgədə baş verənlər Azərbaycanla yanaşı, regionun digər ölkələrini də düşündürməlidir"
Avropa İttifaqının “müşahidəçi”lərinin Azərbaycanla sərhədə baş çəkməsi halları artıb. Daha bir qrup Zəngilanla sərhəddə yerləşən Ermənistanın Nerkin Hand kəndi yaxınlığına gətirilib. İndiyədək “müşahidəçilər” Avropa İttifaqına məxsus avtomobillərdə hərəkət etdiyi halda, sərhədə gələn 3 avtomobildən birinin üzərində Fransa bayrağı dalğalanıb. Avtomobildəki 6 nəfərin Fransa kəşfiyyat orqanlarının əməkdaşları olduğu da istisna deyil. Görünür, Fransa artıq Aİ adı altında maskalanmadan kəşfiyyat orqanlarının əməkdaşlarını açıq şəkildə öz bayrağı altında Azərbaycanla sərhəddə yerləşdirməyə başlayıb. Bu, Ermənistanda revanşist qüvvələrə dəstək verən və yeni müharibəyə sövq edən Fransanın regionda sülh prosesinə zərbə vurmaq istiqamətində atdığı növbəti addımdır.
Siyasi elmlər doktoru, professor, keçmiş millət vəkili Elşad Mirbəşiroğlu "Sherg.az”a açıqlamasında deyib ki, Avropa İttifaqının "mülki missiyası" regionda əsasən kəşfiyyat fəaliyyətini həyata keçirmək üçündür. Deputat vurğulayıb ki, sonrakı mərhələdə dəfələrlə aydın oldu ki, "mülki missiya" bölgə ölkələrini müşahidə etməklə məşğuldur:
"Avropa İttifaqı, ümumiyyətlə, Qərb dairələri Cənubi Qafqaz regionunda münaqişə amilinin aradan qaldırılması faktını qəbul edə bilmirlər. Paradoksal vəziyyət ondan ibarətdir ki, hər zaman Cənubi Qafqaz regionunda sülhdən danışan Qərb siyasi dairələri Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra ölkəmizə qarşı aşkar qərəzli münasibət sərgiləməyə başladılar. Bunun özü bir daha göstərir ki, Fransa başda olmaqla, Qərb Cənubi Qafqaz regionunda gərginliyin qalmasında hər zaman maraqlı olub. Çünki münaqişə amili onlara Cənubi Qafqaz regionunda öz mövcudluqlarını təmin etməyə imkan verirdi. Azərbaycan isə münaqişə amilini aradan qaldırmaqla müvafiq olaraq Qərbin bu imkanlarını da aradan qaldırmış oldu. Ona görə də Azərbaycana qarşı sistemli hücumlar təşkil olunmağa başlanıldı".
Professorun qənaətincə, Fransa kəşfiyyatçılarının sərhəddə yerləşdirilməsi ona dəlalət edir ki, regionda gərginliyin yaradılması istiqamətində əsas patronajlığı Fransa həyata keçirməkdədir:
"Hesab edirəm ki, bu, sadəcə Fransanın mövqeyi kimi qəbul olunmamalıdır. Görünür, Qərb bu missiyanı əsasən Fransaya həvalə edib. Yəni Qərbdə tək Fransa yox, ümumiyyətlə elə ABŞ-də və Avropa Parlamentində də görmüşük ki, aşkar qərəz sərgilənməkdədir. Qərbdə Azərbaycana qarşı qərəzli mövqe mövcuddur. Bu gün Qərbin kəşfiyyatçıları "mülki missiya" adı altında regionda təhlükəli fəaliyyətlə məşğul olmaqdadırlar. Sözsüz ki, əsas hədəf davranışlarından da aydın göründüyü kimi, Cənubi Qafqaz regionunda yenidən gərginlik yaratmaqdan ibarətdir. Münaqişə vəziyyəti yaranacağı təqdirdə onlar Cənubi Qafqaz regionunda öz təhlükəli maraqlarını həyata keçirmək imkanları əldə etmiş olacaqlar. Bu baxımdan hesab edirəm ki, Fransa kəşfiyyatçılarının sərhəddə yerləşdirilməsi regionda gərginliyin yaradılması istiqamətində daha dinamik iş görmək istəyinin göstəricisidir. Bundan öncə Ermənistana hərtərəfli hərbi dəstək göstərilib. ABŞ-Ermənistan arasında birgə hərbi təlimlər keçirilib. Bütün bunlar göstərir ki, Ermənistan regionda gərginlik yaratmaq üçün hazırlanmaqdadır. Bu, o deməkdir ki, Azərbaycan Ermənistana qarşı revanşa hazırlaşmaqdadır".
E.Mirbəşiroğlu diqqətə çatdırıb ki, Ermənistana ötürülən silahların istifadə olunacağı şübhə doğurmur:
"İndiki mərhələdə sərhədlərə əlavə sərhədçilərin yerləşdirilməsi göstərir ki, artıq kəşfiyyat məlumatlarının daha geniş ərzidə toplanılması yönündə addımlar atılmaqdadır. Bunun qarşısını almaq üçün hərbi-siyasi addımların atılması çox vacibdir. Qərbin Cənubi Qafqaz regionu ilə bağlı məqsədinin nədən ibarət olması haqqında oturuşmuş təsəvvürlər var. Regionda yeni münaqişə ocağı yaratmağa çalışırlar. Ermənistan bu istiqamətdə bir alət kimi istifadə olunmaqdadır. Bu da regionda təhlükəsizlik mühitinə ciddi zərbə vuracaq. Ona görə də bölgədə baş verənlər Azərbaycanla yanaşı, regionun digər ölkələrini də düşündürməlidir".