Ermənistan Rusiyadan əlavə Su-30SM qırıcıları sifariş etsə də, bu təyyarələr beş ildir ki, təhvil verilməyib. Bu vəziyyətə görə səbri tükənən Ermənistan alternativ olaraq Hindistandan 8-12 Su-30MKI qırıcısı və xüsusi silah sistemləri almaq üçün danışıqlara başlayıb. Bu fikirlər “Avions Legendaires” nəşrində yer alıb. Qeyd olunur ki, Hindistanla bu əməkdaşlıq həm yeni qırıcı təyyarələrin tədarükünü, həm də Ermənistanın mövcud Su-30SM təyyarələrinin Hindistan istehsalı olan müasir sistemlərlə təkmilləşdirilməsini nəzərdə tutur. Bu qərar Ermənistanın Rusiyadan asılılığını azaltmağa və Hindistanla müdafiə sahəsində əlaqələrini gücləndirməyə yönəlmiş bir addımdır. Eyni zamanda bildirilib ki, 2024-cü ilin oktyabr ayının sonunda Ermənistan Müdafiə Nazirliyi Hindistanın HAL şirkəti ilə yerli istehsal olan Su-30MKI Flanker-H qırıcılarının və xüsusi təyinatlı silahların alınması üçün danışıqlara başladığını açıqladı. Bu, Hindistanın öz istehsalı olan Su-30MKI-lərini ixrac etmək qərarına gəldikdən sonra ilk müqavilə olacaq. Nəşrin məlumatına görə, Rusiyadan əli üzülən İrəvan üzünü Hindistana çevirib və ödənilən məbləğini geri almaq niyyətindədir. Faktiki olaraq, Hindustan Aircraft Limited, “ Suxoy” dan avansın ödənilməsi şərti ilə səkkiz yeni təyyarəni təhvil alacaq və dörd hazırkı Su-30SM-ni Su-30MKI standartına təkmilləşdirəcək. Bu, orijinal passiv elektron skan edilmiş anten radarını aktiv uttam radarı ilə əvəz etməyi əhatə edəcək. “Super 30” proqramı kimi tanınan danışıqlar, Hindistanda hazırlanmış və istehsal olunmuş uzaq mənzilli hava-hava Astra 1 raketləri, radiolokasiya əleyhinə Rudram 1 raketlər və idarə olunan SAAW bombalarının tədarükü ətrafında cəmləşir.
Hərbi ekspert Ədalət Verdiyev “Sherg.az”a bildirib ki, adı çəkilən nəşrdə verilən məlumatlar həqiqəti əks etdirmir:
“Ermənistan 2018-ci ildə Rusiyadan SU-30SM qırıcılarını sifariş edib və alıb. Yəni həmin qırıcılıq artıq Rusiyadan Ermənistan Hərbi Hava Qüvvələrinə təhvil verilib. Burada əsas problem ondan ibarətdir ki, Rusiya həmin qırıcıların raketlərini Ermənistana satmayıb. Böyük ehtimalla Hindistanla müxtəlif müdafiə sənaye məhsulları əldə etmək üçün müqavilələr bağlayan Ermənistan hazırda silahlanlanmasında mövcud olan SU-30SM qırıcılarını Hindistan şirkəti vasitəsilə modernləşdirmək istəyir. Həmin modernləşdirməyə isə SU-30SM qırıcılarına Hindistanın hava, hava tipli və hava yer tipli raketlərin inteqrasiyası gözlənilir. Ermənistanın Hindistandan yeni qırıcılar əldə etmək üçün iki ölkə arasında danışıqların aparılmasını istisna etmək olmaz. İstənilən halda Ermənistanın hücum silahları əldə etməsi Azərbaycanın təhlükəsizliyi üçün təhdidlər yaradır. Sözügedən fəaliyyətlərin qarşısını almaq üçün Azərbaycan önləyici addımlar ata bilər. Azərbaycan bunun üçün böyük imkan və potensiala malikdir. 30 illik işğal tarixinə malik Ermənistanın silahlandırılması bölgədə münaqişənin yenidən alovlanmasına gətirib çıxaracaq”.