Gürcüstan - ABŞ: siyasi böhran nə ilə nəticələnəcək?

"Gürcüstanla ABŞ arasında yaranan siyasi böhranın prezident Donald Tramp tərəfindən normallaşması gözlənilir". 

Bu barədə "Sherg.az"a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 

Ekspert bildirib ki, Vaşinqton tərəfindən "Gürcü Arzusu" hökuməti arasında münasibətlər normallaşdıqdan sonra Avropa İttifaqı da Gürcüstanla siyasi əlaqələri bərpa edə bilər: 

"Gürcüstanda müxalifətin etiraz mitinqləri nəticə verməyəcək. Müxalifət seçkiləri tanımasa da, mövcud reallıqları qəbul edərək, parlamentə gedəcək. Avropa İttifaqı Gürcüstanla bağlı siyasətində sərt siyasətdən imtina edəcək. Çalışacaq ki, rəsmi Tbilisi ilə şərt dilində deyil, normal siyasi əlaqələr müstəvisində əməkdaşlığı davam etdirsin. Çünki Avropa İttifaqı Şərq Tərəfdaşları ölkələri ilə şərt dilində danışır. ABŞ-də Trampın seçilməsinin ABŞ-Avropa tandeminin zəifləməsinə, Cənubi Qafqaz siyasətində ayrı-ayrı siyasi xətlərə gətirib çıxarması mümkündür".

Analitikə görə, Gürcüstanda 20 il ərzində oturuşmuş demokratik təsisatların deqradasiyaya uğraması nəticəsində "Gürcü Arzusu" öz hakimiyyətini gücləndirəcək: 

"Bu da zamanla Gürcüstanın zəifləməsinə və regional mövqeyini itirməsinə gətirib çıxaracaq. Ancaq istənilən halda regional proseslərin Azərbaycanın lehinə dəyişməsi gözlənilir".