Qərblə Rusiyanın mübarizəsi daha da alovlanır

Gürcüstan yeni prezidentini seçir

Prezident seçkilərindən sonra da ölkədə bir müddət siyasi gərginlik davam edəcək


  Gürcüstanda qarşıdan gələn prezident seçkilərinə görə ictimai-siyasi vəziyyət kifayət qədər gərgindir. Ölkədə qütbləşmə pik həddə çatıb.
26 oktyabr seçkiləri nəticəsində parlamentdə mandat qazanmış müxalifət partiyaları seçkilərin nəticələrini tanımadıqlarını bəyan ediblər. Seçkidən əvvəl və seçki prosesi zamanı ciddi problemlərin yaşandığını bildirən müşahidə təşkilatları baş tutmuş seçkilərin Gürcüstan xalqının arzusunu əks etdirmədiyini bəyan edirlər.
Prezident Salome Zurabişvili nəticələri tanımadığını bəyan edərək onu qeyri-legitim adlandırıb. 
  14 dekabr tarixində də  Gürcüstanda prezident seçkiləri keçiriləcək. Artıq müxalifət cəbhəsindən ilkin reaksiyalar da gəlməkdədir. Müxalifətin sözügedən seçkilərdə iştirak etməyəcəyi bildirilir.
Qeyd edək ki, prezident ümumxalq səsvermə yolu ilə deyil, 300 nəfərdən ibarət seçki kollegiyası tərəfindən seçiləcək. Sözügedən 300  nəfərdən 150 nəfəri parlamentdə mandat qazanmış deputatlardan, 150 nəfəri isə yerli özünüidarəetmə  (bələdiyyə) orqanlarının nümayəndələrindən ibarət olacaq.
  300 nəfərdən ibarət seçki kollegiyasının 156 nəfəri hakim "Gürcü arzusu"nu, 124 nəfəri müxalifət partiyalarını, 20 nəfəri isə Abxaziya Ali Sovertini təmsil edəcək.
İlk turda prezidentliyə namizədin qalib gəlməsi üçün 200 səsə ehtiyac var. Birinci turda qalib müəyyənləşmədiyi təqdirdə, seçkilərin ikinci turu baş tutacaq və prezident sadə səs çoxluğu ilə (151 kollegiyanın dəstəyi) seçiləcək.
  300 nəfərdən ibarət kollegiyanın tərkibi onu göstərir ki, hakim "Gürcü arzusu" prezidenti təkbaşına seçəcək.
Qeyd edək ki, “Gürcü arzusu" Partiyası Gürcüstan prezidentliyinə namizədi olaraq sabiq futbolçu, IX və X çağırış Gürcüstan parlamentinin üzvü Mixeil Qavelaşvilini irəli sürüb. Mixeil Qavelaşvili IX və X çağırış Gürcüstan parlamentinin üzvü olub. O, hakim partiyadan formal olaraq ayrılan "Xalqın gücü" adlı partiyanın təsisçilərindən biridir. Qavelaşvili həmçinin son zamanlar anti-qərb mesajları və müxalifətə qarşı təhqiredici ifadələrlə yadda qalmaqdadır.
  Qonşu ölkədəki siyasi gərginliyi dəyərləndirən Milli Cəbhə Partiyasının sərd müavini, siyasi ekspert Tural İrfan “Sherg.az"a açıqlamasında deyib ki, Gürcüstanda keçiriləcək seçkilər indidən gərginliklə müşayiət olunur: 

“Şübhəsiz ki, Avropa və Rusiya arasında, əsasən də ABŞ və Rusiya arasındakı siyasi gərginlik Gürcüstana da sıçrayır. Gürcüstan uğrunda Rusiya və ABŞ arasında rəqabət gedir. Hər biri seçkilərin gedişinə təsir göstərməyə çalışır, özlərinin hazırladığı qüvvələri hərəkətə keçirirlər. Müxalifətin prezident seçkilərində iştirakını isə indidən proqnozlaşdırmaq çətindir. Çünki ani qərarla iştirak da edə bilərlər. Xüsusən Qərb dairələrinin proseslərə ciddi təsir imkanlarının olduğu halda məsləhətləşmələr nəticəsində həlledici məqamda qərar qəbul edilə bilər. Mixeyil Qavelaşvilinin prosesləri müdrikcə idarə edərək sabitlik yarada biləcək potensiala sahib olduğunu zənn etmirəm. Hələ ki, onun namizədliyi nəzərə çarpır, lakin yaxın zamanda digər namizədlər də üzə çıxacaq və böyük ehtimalla müxalifətin namizədi  seçki prosesinə daha aktiv müdaxilə edəcək. Hər bir halda Gürcüstanda sabitlik, siyasi stabillik qonşu ölkə olaraq bizi də maraqlandırır. Siyasi böhranın davam etməsi Gürcüstanı zəiflədir ki, bunun təsirləri həm orada yaşayan soydaşlarımıza həm də dost və qonşu xalq olaraq bizi narahat edir. Ümumiyyətlə, əsasən siyasi böhranın bir səbəbi də prezidentlik uğrunda mübarizədir. Qərblə Rusiyayönümlü qüvvələr arasındakı gərginlik ümumi vəziyyəti də tarıma çəkir. Lakin hesab edirəm ki, artıq proseslər seçkiyə qədər daha da gərgin həddə çataraq seçki ilə sabitləşəcək. Prezident seçkilərinə qədər, hətta olsun ki, ondan sonra da müəyyən müddət siyasi gərginlik davam edəcək”.