Ermənistan həqiqətən də münaqişənin bitdiyini qəbul edirsə, konkret addımlar atmalıdır - ŞƏRH

Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması istiqamətində son dövrlərdə aparılan danışıqlar və beynəlxalq səviyyədə irəli sürülən təşəbbüslər regionun gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır. Bu kontekstdə Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması istiqamətində baş verən diplomatik inkişaf diqqət mərkəzindədir. Ermənistanın baş naziri Nikol Paşinyan və Xarici İşlər Naziri Ararat Mirzoyanın ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı sənədi sülh sazişi ilə eyni gündə imzalamağa hazır olduqlarını bəyan etməsi prosesə yeni dinamika gətirsə də, bu, kifayət deyil. Sülh sazişinin real və davamlı hüquqi əsaslara söykənməsi üçün daha fundamental məsələlərin, o cümlədən Ermənistan Konstitusiyasının müvafiq dəyişikliklərlə yenilənməsi zəruridir. 

Mövzu ilə bağlı politoloq Sultan Zahidov Sherg.az-a açıqlamasında Ermənistan-Azərbaycan sülh prosesi kontekstində ATƏT-in Minsk Qrupunun ləğvi, Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı mövzulara toxunub:

"Ermənistanın baş naziri Paşinyan və Xarici İşlər Naziri Ararat Mirzoyan Antalya Diplomatik Forumunda ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı sənədi sülh sazişi ilə eyni gündə imzalamağa hazır olduqlarını bildirdilər. Prinsip etibarı ilə bu məsələdə Azərbaycan üçün hər hansı bir problem yoxdur. Azərbaycan sadəcə bildirir ki, sülh sazişinin imzalanması üçün əvvəlcə ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı Ermənistanın rəsmi müraciəti və sənəd imzalaması lazımdır. Bu tələblər yerinə yetirilərsə, Azərbaycan da sülh sazişini imzalamağa hazırdır. Lakin məsələ təkcə ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı deyil, burada daha ciddi və fundamental bir məqam var. Bu da Ermənistan Konstitusiyasının dəyişdirilməsi məsələsidir. Yəni, Ermənistanın yeni Konstitusiyasında preambula istinad edilməməli və dəyişiklik edilməlidir. Düşünürəm ki, ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı sənəd və Konstitusiya dəyişikliyi eyni gündə həyata keçirilməli, daha sonra isə sülh sazişi imzalanmalıdır. Görünür ki, Ermənistan prosesi bilərəkdən yubatmağa çalışır. Onların bu fikri səsləndirməsi, əslində, Ermənistanın özünü sülh tərəfdarı kimi göstərmək cəhdidir. Lakin reallıq ondan ibarətdir ki, ATƏT-in Minsk Qrupunun ləğvi məsələsində Ermənistan müstəqil iradəyə sahib deyil. Burada Fransanın, ABŞ-nin və Rusiyanın mövqeyi mühüm rol oynayır. Biz bilirik ki, Ermənistana bu məsələdə ən çox təsir edən Fransanın mövqeyidir. Fransa razılıq verməyincə Ermənistan bunu ləğv etmək iqtidarında olmayacaq".

Ekspert Konstitusiyanın dəyişdirilməsinin daha vacib və daha fundamental bir məsələ olduğunu söyləyib: 

"Konstitusiyanın dəyişdirilməsi Minsk Qrupunun ləğvi kimi qısa zamanda həll olunacaq bir məsələ deyil. Biz görürük ki, Ermənistan bu məsələ ilə bağlı adekvat reaksiya göstərmir. Antalya Diplomatik Forumunda Ermənistan Xarici İşlər Naziri Ararat Mirzoyan bildirdi ki, sülh sazişi layihəsinin mətnində belə bir maddə var ki, hər hansı bir ölkənin daxili qanunvericiliyi beynəlxalq sazişdən irəli gələn öhdəlikləri yerinə yetirməmək üçün əsas ola bilməz. Bu fikirlə o, demək istəyirdi ki, sülh sazişi imzalansa belə, Konstitusiya ilə ziddiyyət olarsa da, bu, sazişin yerinə yetirilməməsi üçün əsas təşkil etməyəcək. Lakin bu, tamamilə absurd arqumentdir. Xarici İşlər Nazirimiz Ceyhun Bayramovun da qeyd etdiyi kimi bu yalnız daxili qanunvericilik aktlarına aiddir, Konstitusiyaya yox. Beynəlxalq sazişlər adi qanunvericilik aktlarından üstün sayılır, lakin Konstitusiyaya münasibətdə bu üstünlük keçərli deyil. Konstitusiya bütün hüquqi sənədlərdən, o cümlədən beynəlxalq sazişlərdən də üstündür. Bu səbəbdən, əgər bu gün Azərbaycan sülh sazişini imzalasa, amma həmin saziş Ermənistan Konstitusiyası ilə ziddiyyət təşkil etsə, onda bu saziş avtomatik olaraq hüquqi qüvvədən düşəcək. Məhz bu səbəbdən də Azərbaycan israrla Ermənistan Konstitusiyasının dəyişdirilməsini tələb edir. Bu, Azərbaycanın tamamilə haqlı və əsaslı tələbidir. Ermənistanın Azərbaycana qarşı ərazi iddiasının olmadığını göstərmək üçün zəruri addımdır. Bu tələb heç də qeyri-adi deyil. Dünyada bu kimi praktikalara rast gəlinib. Məsələn, İrlandiya münaqişəsinin həllində, Şimali Makedoniya ilə Yunanıstan arasındakı münaqişənin həllində də bu praktika tətbiq olunub". 

Politoloq sonda bildirib ki, Ermənistan əgər həqiqətən də münaqişənin bitdiyini qəbul edirsə, o zaman onun qalıqlarını da aradan qaldırmaq üçün konkret addımlar atmalıdır. Eləcə də bu addımlardan birinin ATƏT-in Minsk Qrupu və onun institutlarının ləğv edilməsi olduğunu qeyd edib.