Ermənistan Baş naziri Nikol Paşinyan deyib ki, ilə sülh sazişi layihəsinin mətninin 90 faizini razılaşdırmışıq. Baş nazir bildirib ki, bizə Azərbaycanla heç bir müharibə qətiyyən lazım deyil. Həmçinin istənilən təcrübəli müşahidəçi başa düşür ki, daxili siyasi mövqelərimizi gücləndirmək üçün, əksinə, regionda sabitlik lazımdır.
Baş nazir qeyd edib ki, regionda yeni eskalasiya üçün heç bir səbəb görmür.
Ermənistan tərəfinin son günlərdə sülhün imzalanmasını istədikləri və bunun mümkünlüyü ilə bağlı fikirlərini görürük. Paşinyan və digərləri bu mövzuda çağırışlara və sülhsevərliklərinin bəyanına dair çıxışlara davam etsə də, əməldə hər hansı addımın olmadığı göz önündədir.
Politoloq Natiq Miri "Sherg.az"a söyləyib ki, Paşinyanın dedikləri sözdə həqiqətdir. Ancaq bu həqiqətin yerinə yetirilməsi üçün əməli fəaliyyətə ehtiyac var:
"Bu gün müharibə üçün heç bir zəmin yoxdur. Baxmayaraq ki, hələ də Qərb dünyası rəsmi Bakını ittiham edir, ancaq Azərbaycanın müharibə etmək üçün heç bir səbəbi də yoxdur. O vaxta qədər ki Ermənistandan hər hansı bir təxribat və ya müharibə çağırışı olmasın. Buna görə də müharibə üçün zəminin olmadığı bir gerçəkdir. Eyni zamanda Paşinyanın dili ilə etiraf əslində Qərb ittihamlarının əridilməsi, zərərsizləşdirilməsi deməkdir. Ona görə də Paşinyanın bu açıqlaması beynəlxalq siyasət baxımından da önəm daşıyır. Çünki havadarlar Azərbaycan təhlükəsindən dəm vurduqca Avropanın müşahidə missiyasının nəyinki Azərbaycan-Ermənistan sərhədlərindən çıxması, əksinə uzunmüddətli qalması və bu tərkibin artırılmasından bəhs edirlər. Əslində bütün ittihamlar boşunadır. Bu xüsusi geosiyasi hədəflərə istiqamətlənib və Azərbaycandan geosiyasi gözləntilərlə bağlıdır. Azərbaycan isə Qərbin bütün istədiklərini edəcək bir dövlət deyil. Bu baxımdan sözdə də olsa bu açıqlamanın bir əhəmiyyəti var. Sülh olacağını biz hiss edirik. Sadəcə bu zaman məsələsidir".
Politoloqun sözlərinə görə, zaman-zaman sülhün dilə gətirilməsi Paşinyan hökumətinin siyasətidir:
"Əvvəla, Azərbaycan münaqişəni daimi gündəmdə saxlamaqla Ermənistanın diqqətlərdən yayınması, gündəmdən düşməsinə imkan vermir. Digər tərəfdən daxili auditoriya üçün "sülh yaxındır" çağırışları müəyyən gözləntiləri özünə kökləyir və ümid yaradır. Çünki 2021-ci il növbədənkənar parlament seçkilərinə Paşinyan Ermənistana sülh gətirəcəyini vəd etdi. Amma yaxın zamanda bunun xüsusilə də bu ilin sonuna qədər olacağı mütləq deyil. Belə bir məcburiyyət də yoxdur. Digər tərəfdən nə qədər tez olsa, həm Ermənistan, həm də Azərbaycanın xeyrinə olacaq. Çünki sülh əməkdaşlıq deməkdir. Əməkdaşlıq isə bütün kommunikasiyaların açılması, ticarət və təhlükəsizlik deməkdir. Belə bir vəziyyətin yaranması regionun inkişafına, eyni zamanda Ermənistanın təhlükəsizliyinə zəmanət verəcək yeganə gerçəkdir. Bunu Ermənistan höküməti də anlayır. Həmçinin müharibə yeni itkilər və növbəti məğlubiyyət deməkdir. Məğlubiyyət Paşinyanı daxili auditoriyada zəiflədər. Bu səbəblə də o, növbəti zərbəni gözə ala bilməz. Əslində Nikol Paşinyanı buna təhrik edənlər də var. Sülh məsələsini uzatmaq üçün Paşinyan bir az da oynaya bilər, amma bu davamlı olmayacaq. Ona görə də sülhün yaxın olduğunu demək olar".