Politoloq: Bakının Minsk qrupu ilə bağlı mövqeyi konkret və qətidir

Artıq keçmişdə qalmış bir təsisatın bu gün süni şəkildə yaşadılması üçün heç bir hüquqi və siyasi əsas yoxdur


Prezident İlham Əliyev aprelin 25-də ATƏT-in Baş katibi Firudin Sinirlioğlunu qəbul edib. Dövlət başçısı Firudin Sinirlioğlunu ATƏT-in Baş katibi vəzifəsinə təyin olunması münasibətilə təbrik edib. Qonaq Cənubi Qafqaz bölgəsinin ATƏT-in gündəliyində duran mühüm regionlardan biri olduğunu vurğulayıb. ATƏT-in Baş katibi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin mətninin razılaşdırılması ilə bağlı əldə olunmuş nəticələrə görə təbriklərini çatdıraraq, iki ölkənin münasibətlərinin normallaşdırılması istiqamətində müzakirələrin aparıldığını qeyd edib. F.Sinirlioğlu ATƏT-in Azərbaycanla həyata keçirdiyi əməkdaşlıq layihələrinə toxunub. Dövlət başçısı keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin həllində tam iflasa uğramış ATƏT-in Minsk qrupunun və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtının artıq çoxdan çatdığını deyərək, Ermənistan tərəfindən də bu xüsusda addımların atılmalı olduğunu bir daha söyləyib. Prezident Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hərbi və siyasi yollarla tam təmin etdiyini, bununla da, ölkəmiz tərəfindən Helsinki Yekun Aktının, beynəlxalq hüququn norma və prinsiplərinin Cənubi Qafqazda təsbit edilməsinin təmin olunduğunu deyib. Görüşdə Azərbaycan ilə ATƏT arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb. 

Politoloq Əlisahib Hüseynov Sherg.az-a deyib ki, təcrübəli diplomat olan Firudin Sinirlioğlunun regional səfəri çərçivəsində İrəvandan sonra Bakıya gəlməsi gözlənilən idi. Çünki F.Sinirlioğlunun səfər gündəliyinə daxil olan məsələlər, o cümlədən ATƏT-in Minsk qrupunun fəaliyyəti və onun tamamilə ləğv olunması məsələsi hər iki tərəf üçün mühüm əhəmiyyət daşıyır: 
"Minsk qrupunun ləğvi məsələsi məhz Azərbaycan tərəfindən Ermənistanla sülh müqaviləsinin imzalanması üçün əsas şərtlərdən biri kimi irəli sürülüb. Prezident İlham Əliyev bu məsələni daim diqqət mərkəzində saxlayır və tez-tez gündəmə gətirir. Firudin Sinirlioğlu ilə görüşdə də dövlətimizin başçısı Azərbaycanın Minsk qrupunun ləğvi tələbini ATƏT rəhbərinin diqqətinə çatdırıb. Minsk qrupunun ləğv edilməsi Azərbaycan üçün prinsipial əhəmiyyət daşıyır. Çünki bu qrup tam 28 il ərzində Qarabağ münaqişəsinin həlli ilə məşğul olduğu görüntüsünü yaradıb və Ermənistanın işğalçılıq siyasətinin davam etməsində bilavasitə rol oynayıb, status-kvonun möhkəmlənməsinə bu və ya digər formada dəstək verib. Bir sözlə, Minsk qrupu sülh elçisi kimi yox, işğalçıların hamisi kimi çıxış edib. 44 günlük müharibənin Azərbaycanın qələbəsi ilə başa çatmasından sonra isə bu qrupun mövcudluğu, ümumiyyətlə, öz əhəmiyyətini tamamilə itirdi. ATƏT-in Minsk qrupu tam olaraq uğursuz və "ölü" bir təsisata çevrilib. Ona görə də bu gün belə bir amorf qrupun mövcudluğu üçün nə hüquqi, nədəki siyasi və mənəvi əsaslar qalıb". 

Siyasi şərhçinin qənaətincə, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycanın Minsk qrupunun ləğvini tələb etməsi postmüharibə dövrünün təbii qanunauyğunluğudur:
 "Lakin Ermənistan tərəfi isə həmişə və hər bir məsələdə olduğu kimi bu məsələdə də qeyri-konstruktiv mövqe tutmağa, Minsk qrupunu hər vasitə ilə "reanimasiya" etməyə və yaşatmağa üstünlük verir. Çünki Ermənistan rəhbərliyi bu qrupun mövcudluğundan həm danışıqlar prosesinin uzadılması, həm də münaqişənin davam etməsi görüntüsünün yaradılması üçün istifadə etməyə çalışır. Rəsmi İrəvan faktiki olaraq Minsk qrupunu "bazarlıq" predmetinə çevirməyə can atır. Ona görə də Ermənistan XİN başçısı Ararat Mirzoyanın ATƏT-in Baş katibi ilə görüş zamanı sülh sazişi ilə eyni vaxtda Minsk qrupunun ləğvi haqda birgə bəyanat imzalamağa hazır olduqlarını bildirməsi növbəti manipulyasiyadan başqa bir şey deyil. Aydın məsələdir ki, Ermənistan tərəfi bu cür qeyri-rasional yanaşma ilə məsələni süni şəkildə uzatmağa çalışır və Avropadakı hamilərinin diktəsini yerinə yetirir. Prezident İlham Əliyevin Minsk qrupu ilə bağlı mövqeyi konkret və qətidir. Artıq keçmişdə qalmış münaqişə dövrünə aid bir təsisatın bu gün süni şəkildə yaşadılması üçün heç bir hüquqi və siyasi əsas yoxdur. Minsk qrupunun mövcudluğu Cənubi Qafqazdakı hazırkı geosiyasi reallıqlarla heç cürə uyuşmur. Bu baxımdan Ermənistan tərəfi illüziyalarla və kənar güclərin zərərli məsləhətləri ilə hərəkət etməkdən əl çəkib reallıq hissinə qayıtmalı, sülh üçün şərtləri qəbul etməlidir. Minsk qrupunun ləğvi barədə sənədi imzalaması Ermənistanın sülhə hazır olduğunu isbatlayacaq".