Süni intellektdən istifadə məsələsi son dövrlər dünya miqyasında, o cümlədən qanun yaradıcılığı sahəsində müzakirə mövzusuna çevrilib. Bir sıra ölkələrdə bu texnologiyanın imkanlarından yararlanmaq təcrübəsi genişləndiyi halda, bəzi dövlətlər süni intellektin hüquqi və institusional proseslərdə roluna daha ehtiyatlı yanaşır. Bu fonda Rusiyada qanun layihələrinin hazırlanmasında süni intellektdən istifadə ilə bağlı yayılan məlumatlar və onlara verilən rəsmi açıqlamalar diqqət çəkir.
Rusiya Dövlət Dumasının Gənclər siyasəti komitəsi gənclər və uşaq QHT-lərinə dövlət dəstəyi haqqında qanuna dəyişikliklərlə bağlı qanun layihəsinin mətninin hazırlanmasında “ChatGPT”dən istifadə edildiyi barədə xəbərləri təkzib edib. Bu barədə komitənin mətbuat xidmətindən jurnalistlərə bildirilib. Qeyd edilib ki, qanun layihəsinə dair materiallar iki il ərzində yalnız deputatlar və komitə aparatının hüquqşünaslar komandası tərəfindən aparılan müzakirələr əsasında hazırlanıb.
Siyasi şərhçi Azər Həsrət Sherg.az-a məsələ ilə bağlı açıqlamasında Sİ-dən istifadənin normal olduğunu deyib:
"Süni intellektdən hansısa fəaliyyətdə istifadə etməyə görə kimisə qınamaq düzgün deyil. O cümlədən qanun yaradıcılığında da Sİ-dən istifadə etmək olar. Süni intellekt vasitəsilə hazırlanmış qanunları sonradan insanlar nəzərdən keçirir və uyğunlaşdırırlar. Mən özüm də bəzən müəyyən sualların cavabını süni intellektdən alıram. Çox vaxt görürəm ki, həmin cavablarda yanlışlıqlar olur.
Rusiyada isə bundan ona görə narahatdırlar ki, ölkə faktiki olaraq özünü dünya ilə qarşı-qarşıya qoyub. Moskva yeni texnologiyalar məsələsində də Çinin yolunu təkrarlamağa çalışır. Görünür, Rusiyada ChatGPT-dən istifadənin narahatlıq doğurması səbəbindən deputatlar da bu cür izahatlar vermək məcburiyyətində qalırlar".
Siyasi şərhçi hazırda dünyanın süni intellekt üzərində dayandığını və irəli getdiyini söyləyib:
"Qərbin kəşf etdiyi texnologiyalardan istifadə edərək qanunlar hazırlanır. Rusiya isə bu cür proseslərə dözümlü deyil".