CNN-nin yaydığı iddialar tamamilə əsassız və təxribat xarakterlidir - ŞƏRH

 Məqsəd İran-Azərbaycan münasibətlərini gərginləşdirməkdir

“CNN World” beynəlxalq aləmdə nüfuzlu xəbər kanalı hesab olunur. Bu səbəbdən həmin xəbər kanalının internet səhifəsində dərc olunmuş məqalədə Azərbaycan ərazisinin guya İrana qarşı hərbi-kəşfiyyat əməliyyatları üçün istifadə edilməsi və İsrailə məxsus qüvvələrin Azərbaycan ərazisində yerləşdirilməsi barədə əks olunmuş iddialara inanlar da tapıla bilər. Halbuki həmin xəbər tamamilə əsassız və təxribat xarakterlidir”.

Sherg.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Ekspert bildirib ki, Azərbaycan ərazisinin hansısa üçüncü dövlətə qarşı hərbi əməliyyatlar, kəşfiyyat fəaliyyəti və ya digər düşmən xarakterli məqsədlər üçün istifadə edilməsi barədə iddiaların əsassız olduğu dəfələrlə rəsmi səviyyədə bəyan edilib:

“Maraqlıdır ki, Azərbaycan Xarici İşlər Nazirliyinin CNN-nin sorğusuna cavab olaraq məlumatın əsassız olduğuna dair açıqlaması redaksiyaya təqdim edilsə də, bu kanal “anonim mənbələr”ə əsaslanaraq dezinformasiyanı yaymağa üstünlük verib. Demək, “anonim mənbə” xəbərin yayılmasında israrlı olub və CNN bu israra tabe olub.

Hansı mərkəzlər İsrailnin guya Azərbaycan ərazisindən istifadə etməklə İrana qarşı əməliyyatlar həyata keçirməsi barədə dezinformasiyanın yayılmasında maraqlı ola bilər? ABŞ Prezidenti Donald Trampın CNN kanalına münasibəti mənfidir, Ağ Ev sahibi bu kanalı daima dezinformasiya yaymaqda ittiham edir. Elə Azərbaycana aid yalan xəbəri də bunun təsdiqidir. Buna baxmayaraq, “anonim mənbə”nin ABŞ rəsmi strukturlarına bağlı olduğu ehtimalını diqqətdən qaçırmaq olmaz.

“Anonim mənbə”nin dezinformasiya yaymaqda məqsədi İran-Azərbaycan münasibətlərini gərginləşdirmək olub. İranın mühafizəkar dairələri və onlara bağlı saytlar CNN-nin yaydığı “xəbər”dən əvvəl də İsrailin guya Azərbaycan ərazisindən istifdəsinə dair dezinformasiyalar yayırdı. İndi həmin dairələr CNN-ə istinad edərək, bizə qarşı “düşmən dövlətin xəbər kanalı da biz deyənləri təsdiq etdi” kimi ittihamlar səsləndirəcəklər. Demək, “anonim mənbə” kimdirsə və ya kimlərdirsə, məhz İran mühafizəkarlarının Azərbaycana qarşı dezinformasiyalarının yayılmasının davamında maraqlıdırlar”.

Elxan Şahinoğlu xatırladıb ki, Azərbaycan Xarici İşlər Nazirliyi “CNN World”ün “anonim mənbə”yə istinadən yaydığı xəbəri təkzib edən bəyanat yayıb:

“Azərbaycan XİN-nin bəyanatı “CNN-dən əsassız iddiaların yayıldığı bu məqalənin təkzib edilməsini gözləyirik” cümləsi ilə bitib. CNN-nin dezinformasiyasında Azərbaycanla yanaşı, İsrailin adı çəkildiyinə görə, bu ölkənin Xarici İşlər Nazirliyinin də kanalın yalan məlumatını təkzib etməsinə ehtiyac var. Bu halda CNN-nin “anonim mənbə”yə istinadla yaydığı xəbəri təkzib etməkdən başqa seçimi qalmayacaq. Əks halda, CNN-ə istinad edənlərin sayı arta bilər”.