Ermənistanın İstintaq Komitəsi Gümrü şəhərinin meri Vardan Qukasyana qarşı hakimiyyəti ələ keçirmək planı hazırlamaqla bağlı yeni ittihamlar irəli sürüb.
Teleqraf xəbər verir ki, bu barədə İstintaq Komitəsi məlumat yayıb.
Məlumatda qeyd olunur: "Şirak bölgəsindəki Gümrü icmasının rəhbəri V.G. digər şəxslərlə birlikdə 2025-ci il ərzində Ermənistanda müxtəlif şəxslərlə görüşlər keçirmək və tərəfdarlar toplamaqla hakimiyyəti dəyişmək üçün planlar hazırlayıb. Onlar konstitusiyada nəzərdə tutulmayan vasitələrlə hakimiyyəti ələ keçirmək istəyiblər".
Bildirilir ki, onlar kənar səbəblərə görə cinayəti həyata keçirə bilməyiblər.
Bununla əlaqədar olaraq, Ermənistan İstintaq Komitəsi Ermənistan Cinayət Məcəlləsinin 43-419-cu maddəsinin 1-ci hissəsi (hakimiyyəti ələ keçirməyə hazırlıq) ilə cinayət işi başlandığını elan edir. Cinayət prosesi çərçivəsində iddia edilən cinayətdə iştirak edən bütün şəxslərin şəxsiyyətini, eləcə də onun törədilmə mexanizmlərini müəyyən etmək üçün tədbirlər görülür.
Qeyd edək ki, Ermənistanın ikinci ən böyük şəhəri Gümrünün meri Vardan Qukasyan və şəhər meriyasının yeddi əməkdaşı 2025-ci ilin oktyabrında Antikorrupsiya Komitəsində aparılan cinayət işi çərçivəsində saxlanılıblar. 2025-ci ilin aprelində Gümrü şəhərinin meri seçilən Vardan Qukasyan hazırkı hakimiyyətə qarşı müxalif mövqeyi ilə tanınır.