Dövlətə vergi ödəyən vətəndaş niyə Şuşa yoluna görə ödəniş etməlidir? - Natiq Cəfərli

"İndi anlamaq olmur, o vəsait hara toplanacaq, necə xərclənəcək, məsuliyyət və salahiyyət kimin üzərində olacaq"

Yeni tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsinin Baş nazir Əli Əsədovun imzaladığı qərarla ödənişli avtomobil yolu kimi müəyyən edildi və bu, cəmiyyətdə birmənalı qarşılanmadı. Cəmiyyətdə belə bir düşüncə tərzi və yanaşma hələ də mövcuddur ki, oğullarımız canını fəda etdi, torpaqlarımız işğaldan azad edildi, amma indi Şuşa yolunu ödənişli edirlər. Əsassız görünə bilər, qəbul edilməyə bilər bu yanaşma. Lakin var. 

İqtisadçı Natiq Cəfərli isə hesab edir ki, bir halda ki yol tikintisinə ayrılan vəsait böyük ölçüdə dövlət büdcəsinin payına düşür, dövlətə vergi ödəyən vətəndaş niyə yola görə ödəniş etməlidir? 

N.Cəfərli “Sherg.az”a açıqlamasında bildirdi ki, “Şuşaya ödənişli yol istifadəyə verildi” xəbəri, açığı, adamın ürəyini dağa döndərir. Şuşaya bir yeni yol daha açılır, bir neçə yolla getmək olar, cəmi 7-8 il əvvəl belə xəbərlərin xəyalını belə qurmaq insanı kövrəldirdi. Bu sevinci bizə bəxş edənlərə eşq olsun! Lakin ümumiyyətlə bu ödənişli yol məsələsinə fərqli aspektdən yanaşdıqda problem görünür:  

- Ölkə ərazisində bir neçə belə pullu yollar var, dünyanın bir çox ölkələrində, Avropada, Türkiyədə də bu, geniş yayılmış təcrübədir. Bura qədər problem yoxdur. Problem odur ki, ödənişli yolları dünyada özəl sektor-dövlət iş birliyi ilə çəkilir, investor vəsait yatırır, sonra ödənişdən həm qoyduğu vəsaiti, həm də yolun cari və əsaslı təmiri ilə bağlı xərcləri öz üzərinə götürür, beləliklə də dövlət büdcəsinə yük düşmür. Bizdə bütün yollar büdcə vəsaiti hesabına dövlət tərəfindən tikilir, yolun investoru dövlətdir. Biz, vətəndaşlar zatən vergi ödəyərək o yolların haqqını, xərcini ödəmişik, indi də həmin yolların təmirinə, yaxşı vəziyyətdə saxlanılmasına, işarələnmələrə yenə də dövlət vəsait ayırır – yəni, yenə vergilərimiz hesabına yol infrastrukturu işlək vəziyyətə gətirilir. Ödənişli yollar özəl sektorun idarəetməsinə verilsə, cari və əsaslı təmir üçün vəsait bir daha büdcədən ayrılmasa, bu işin məntiqini anlamaq olar. İndi anlamaq olmur, o vəsait hara toplanacaq, necə xərclənəcək, məsuliyyət və salahiyyət kimin üzərində olacaq. Həmin yolların cari, əsaslı təmiri üçün növbəti illərdə büdcədən vəsait ayrılacaqmı, ödənişli ylolar üçün qiymət necə təyin edilir, nəyə əsaslanaraq qiymət qoyulur? Bu sulların cavabını rəsmi orqanlar verməlidirlər.