İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”
Xankəndidən Ağdama qədər Qarabağın simasını dəyişən layihələr bir-bir açılır
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun işğal altındakı torpaqlarımızı azad etməsindən ötən 5 il ərzində dövlətimiz nəhəng tikinti-quruculuq işlərinə imza atıb. Minlərlə soydaşımız doğma torpaqlarına, yurd yerlərinə qayıdıb, mənzillə təmin ediliblər.
İşğaldan azad edilmiş ərazilərimizdə infrasturktur layihələri icra olunur və vaxtilə ata-baba yurdlarından didərgin salınmış soydaşlarımızın rahat yaşayışı üçün hər bir şərait yaradılır. Prezident İlham Əliyev quruculuq işlərinin icrasını daim diqqətlə izləyir və vəziyyətlə yerində tanış olmaq ümün tez-tez Qarabağa səfərlər edir. Cənab Prezident Respublika Gününü də Qarabağda qeyd etdi və görülən işlərlə tanış oldu, doğma evlərinə qayıdan sakinlərlə görüşdü. Prezident İlham Əliyev Xankəndi şəhərində əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışında iştirak etdi. Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov dövlətimizin başçısına görülmüş işlər barədə məlumat verdi. Qeyd edildi ki, Xankəndi şəhərində yerləşən Mədəniyyət Mərkəzinin binası XX əsrin 60-70-ci illərində tikilib. Uzunmüddətli istismar nəticəsində binanın yükdaşıyan konstruksiyalarında aşınmalar, deformasiyalar və müxtəlif zədələnmələr yaranmışdı. Aparılmış əsaslı yenidənqurma işləri nəticəsində Mədəniyyət Mərkəzində müxtəlif mədəni-kütləvi tədbirlərin təşkili, kino və səhnə fəaliyyəti, yaradıcılıq, təlim, məşğələ, inzibati idarəetmə, turizmyönümlü xidmətlərin həyata keçirilməsi üçün zəruri şərait yaradılıb.

Üçmərtəbəli binada akt və kino zalları, müxtəlif sahələrə aid dərnəklərin yerləşdiyi çoxfunksiyalı zona, qrim otaqları, bufet, kassa və suvenir mağazası var. Mərkəzin 348 yerlik zalında konsert, tamaşa, film nümayişi, təqdimat, rəsmi görüş və digər mədəni-kütləvi tədbirlərin keçirilməsi mümkün olacaq. Yenidənqurma işlərindən sonra bu mərkəz əhalisi artan, o cümlədən tələbələrlə dolu Xankəndinin mədəni mühitinin canlandırılmasında mühüm rol oynayacaq, kütləvi tədbirlərin keçirilməsində əsas məkanlardan biri olacaq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də həmçinin Şuşa rayonunun Böyük Qaladərəsi kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış oldu və kəndə qayıdan sakinlərlə görüşdü. Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına görülmüş işlər barədə məlumat verdi. Qeyd edək ki, Böyük Qaladərəsi Şuşa rayonunun Qaladərəsi kənd inzibati ərazi dairəsində yerləşir. Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 2023-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi antiterror əməliyyatı zamanı Böyük Qaladərəsi işğaldan azad olunub. Bildirildi ki, kənddə yaşayış üçün lazımi şəraitin yaradılması və sosial məsələlərin həlli istiqamətində bir sıra layihələr icra olunub. Burada transformator quraşdırılıb, yeni elektrik xətləri çəkilib, mövcud xətlər isə bərpa olunub. İlkin mərhələdə məskunlaşdırılacaq fərdi evlər sayğaclaşdırılıb. Bundan başqa, kənddə yeni qaz xətti çəkilib və sayğacların quraşdırılması işlərinə başlanılıb. Sakinlərin içməli su ilə təmin olunması üzrə də işlər görülüb, paylayıcı su xətləri çəkilib, sayğaclar quraşdırılıb. Hazırda kənddə rabitə xətlərinin çəkilməsi işləri davam etdirilir. Kənddaxili yollar abadlaşdırılıb. Həmçinin Böyük Qaladərəsində sakinlərin istirahəti üçün park salınıb, Bayraq meydanı yaradılıb. Kənddə ümumilikdə 50 fərdi ev var. Onlardan 13-ü yararsızdır, 37-si isə qismən yararlıdır. Birinci mərhələdə artıq 17 ev bərpa olunub. Növbəti mərhələdə isə 20 evin bərpası planlaşdırılır. İlkin olaraq kəndə 64 nəfər (14 ailə) qayıdıb.
Burada sakinlərlə görüşən Prezident İlham Əliyev onlarla səmimi söhbət etdi. Doğma yurda qayıdan sakinlər cənab Prezidentə onlara bu sevinci, səadəti yaşatdığı üçün minnətdarlıq etdilər. Prezident sakinlərlə görüşü zamanı qeyd etdi ki, burada onlar üçün gözəl şərait yaradılıb: “Burada evlərin, demək olar ki, əksəriyyəti dağılmışdı. Onların 17-si hazırdır, 20-si də ikinci mərhələdə hazır olacaq və ondan sonra da evlər tikiləcək. Burada qonşuluqda da iş gedir. Kiçik Qaladərəsi, Turşsu, Sarıbaba. Laçın da yaxındır, Şuşa da yaxındır. İndi yeni yol da çəkilir və gediş-gəliş də daha rahat olacaq. Yəqin ki, görmüsünüz, biz Şuşa-Laçın yolunu genişləndiririk, həm də tunellər inşa edilir. Hər şey edilir ki, insanlar burada rahat yaşasınlar və əsas odur ki, doğma vətən torpağında”. Prezident bildirdi ki, “Dəmir yumruq” hesabına, xalqımızın birliyi hesabına, Ordumuzun qüdrəti, şəhidlərimizin qanı-canı bahasına bu gün buradayıq və bundan sonra bizi heç kim buradan tərpədə bilməz: “Əksinə, hər gün gücümüz artır, imkanlarımız artır. Bölgədə söz sahibiyik. Ermənilər tərəfindən viran qoyulmuş bu torpaqları, şəhər və kəndləri artıq beş ildir ki, bərpa edirik. Özü də necə? Dünyada bunun tayı-bərabəri yoxdur. Cəmi 5 il ərzində bu qədər iş görmək - ancaq bunu güclü dövlət edə bilər. Bu güclü dövlətin əsasını xalq-iqtidar birliyi təşkil edir. Sizə isə bundan sonra ancaq cansağlığı. Bu gözəl havanı udun, gözəl suyu için, gözəl mənzərələrə tamaşa edin ki, könül açılsın, adamın zövqünü oxşasın”.
İşğaldan azad olunmuş ərazilərin hər keçən gün dirçəldiyini, gözəlləşdiyini deyən Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri, əslən Ağdamdan Vüqar Tofiqli “Şərq”ə açıqlamasında bildirdi ki, cənab Prezidentin Qarabağa hər səfəri unudulmaz anlarla və nəhəng tikintilərə imza atmasıyla yadda qalır: 
- Cənab Prezident Qaarabağa budəfəki səfərində də bir sıra obyektlərin, müəssisələrin açılışını etdi. Xankəndidə Mədəniyyət Evi ilə yanaşı, “GP Safety” MMC-nin iş əlcəkləri istehsalı müəssisəsinin açılışında iştirak etdi. Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış oldu. Prezident İlham Əliyev Xocalı şəhərində “Qarabağ Tekstil Evi” Məhdud Məsuliyyətli Cəmiyyətinin açılışında iştirak etdi. Xankəndi şəhərində Zəfər tağının önünə gül dəstələri düzdü. Ümumiyyətlə, qeyd etməliyəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərimizdə digər sahələrlə yanaşı, mədəni abidələrimizin bərpasına da xüsusi diqqət yetirilir. Bu, ilk növbədə zəngin mədəni irsimizin qorunmasına Azərbaycan dövlətinin böyük əhəmiyyət verdiyini göstərir. Eyni zamanda, bu cür layihələrin icrası ümumilikdə işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinin həcmini nümayiş etdirir. Qürurla xatırlayıram ki, doğma Ağdamda da cənab Prezident bütün lazımi infrastrukturun qurulmasına hər zaman böyük önəm verir. Bərdə-Ağdam avtomobil yolu salınıb. Atçılıq Nəsilartırma Mərkəzi fəaliyyətə başlayıb. Ağdamın Xıdırlı, Kəngərli, Sarıcalı kəndlərinə sakinlərin qayıdışı baş tutub. Ağdam şəhərində nəhəng tikintilər icra olunur, daxili yol və kommunikasiya şəbəkəsi yenidən qurulur. “City Hotel Agdam” mehmanxanası fəaliyyət göstərir. Pənahəli xanın sarayı və İmarət Kompleksi bərpa edilib, istifadəyə verilib. Ağdam şəhərində geniş yaşayış məhəllələri inşa edilir. Dəmir yolu və Avtovağzal Kompleksi tikilir. Görülən işləri saymaqla bitməz. Əsas odur ki, insanlarımız doğma yurdlarına qayıdır və yenidən məskunlaşma sürətlə davam edir.