Rusiya və Ukrayna qələbənin mümkünsüz olduğunu anlayıb - POLİTOLOQ

“ABŞ və Rusiya yenidən barışmaz rəqiblərə çevriləcək”

Dörd illik qanlı qarşıdurmadan sonra ilk dəfə məhz bu gün Rusiya və Ukrayna arasında müharibənin bitəcəyinə dair ümidlər dirçəlib. Ukrayna lideri Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinə atəşkəs təklifi ilə bağlı açıq məktub yazıb.

Zelenski məktubda, "hamının hamıya" formulu əsasında, əsir mübadiləsinə, mülki şəxslərin və uşaqların qaytarılmasına, eləcə də ABŞ və Avropanın təhlükəsizlik qarantiyası altında görüşün keçirilməsinə hazır olduğunu bildirib. Ukraynanın müharibə istəmədiyini vurğulayan Zelenski, Rusiya vətəndaşlarının əksəriyyətinin görüş təklifinə müsbət cavab verəcəyinə əmin olduğunu açıqlayıb. Ukrayna lideri görüşün İsveçrə, Türkiyə və ya Körfəz ölkələrində təşkil olunmasını təklif edib. Onu da qeyd edək ki, bu gün Rusiya və Ukrayna arasında "185-in 185-ə" formuluna əsasən əsir mübadiləsi həyata keçirilib. “Bloomberg”in yazdığına görə, Putin Ukraynanın Donbası tam şəkildə Rusiyanın nəzarətinə verməsi müqabilində hərbi əməliyyatları dayandıracağına söz verib. Hazırda dünyanın diqqəti, Putinin məktuba verəcəyi cavaba fokuslanıb. 

Mövzu ilə bağlı politoloq Tofiq Abbasov Sherg.az-a bildirib ki, Zelenskinin məktubuna qədər, tərəflərin sülh danışıqları masasına əyləşmək ehtimalı çox aşağı səviyyədə idi:



“Çünki Rusiya-Ukrayna cəbhəsindəki qarşılıqlı zərbələr, son dərəcə şiddətli xarakter almışdı. Rəsmi şəxslərin sərt bəyanatları da sülh danışıqlarına gedən yolun bağlandığını ortaya qoyurdu. Donald Trampın İranla bağlı sülməramlı danışıqları, Rusiya və Ukrayna liderlərinin mövqelərinin dəyişməsinə təsir göstərib. Rusiya Ukraynaya qarşı hərbi əməliyyatlarını “xüsusi əməliyyat” kimi təqdim etsə də, münaqişə hər iki tərəfi yorğun vəziyyətə salıb. Artıq tərəflər mövcud şəraitdə qələbə qazanmağın mümkün olmadığını anlayırlar”. 

Politoloqun sözlərinə görə, müharibənin ilk günlərində tanınmış amerikalı siyasətçi, Genri Kisencer hadisələrin gələcək inkişafı ilə bağlı öz proqnozunu vermişdi:

“Onun tezislərinə görə, gec-tez hər kəs Qərbin Ukraynanı Rusiyanın təsir orbitindən qoparmaq planını və ölkədəki qüvvələrin sürətlə anti-Rusiya xəttinə yönəldiyini dərk edəcəkdi. Kissincer hələ o vaxtdan qanlı toqquşmaların heç bir tərəf üçün qəti qələbə ilə nəticələnməyəcəyini bildirmişdi. Biz görürük ki, həqiqətən də dünya şöhrətli siyasətçinin proqnozları bir-bir özünü doğruldur. Müharibənin ilk mərhələsində Kiyevi cəmi 3-4 günə ələ keçirəcəyini planlaşdıran Rusiyanın, mövcud şəraitdə bu hədəfi reallaşdırmaq üçün taktiki və strateji imkanları zəifləyib”. 

T.Abbasov qeyd edib ki, Rusiya hökuməti müharibənin uzanmasından asılı olmayaraq, Avropa İttifaqının Zelenskiyə dəstəyini davam etdirəcəyini dərk edir:

“Məhz bu səbəbdən, yaranmış diplomatik kilidi açmaq üçün yaxın gələcəkdə liderlər səviyyəsində görüşün baş tutma ehtimalı yüksəkdir. Rusiya Donbası mütləq şəkildə ələ keçirəcək. Onsuz da bölgənin böyük hissəsi Rusiyanın nəzarəti altındadır. Qalan ərazilərlə bağlı danışıqlar elə bir formatda davam edə bilər ki, Ukrayna qarşılığında müəyyən güzəştlər və üstünlüklər əldə etmək imkanı qazansın. Britaniya, Almaniya və Fransa tərəflərin işinə qarışmasa görüş uğurla baş tuta bilər”.

Politoloqun qənaətinə görə, Rusiya-Ukrayna danışıqlarının növbəti mərhələsi Türkiyə Belarusiya və Azərbaycanda gerçəkləşə bilər:

“Azərbaycanda keçirilmə ehtimalı yüksəkdir. Çünki ölkəmiz həm Rusiya həm də Ukrayna ilə balanslı münasibətlərə sahibdir. Rusiya meydanda təkdir. Tramp və Putin bir müddət bir-birinə yaxın görünsələr də, zamanla onları birləşdirən siyasi tellər qırıldı. Trampın əsas diqqəti qlobal neft bazarını diktə etmək və enerji geosiyasətində Amerikanın hegemonluğunu bərqərar etmək üzərində cəmlənib. Lakin bu istiqamətdə də heç bir işi yolunda getmir”.

T.Abbasov onu da bildirib ki, Putin Aİ-yə göz dağı vermək üçün Trampın təkidi ilə Vaşinqton və Moskvanın müttəfiq olduğunu göstərməyə çalışırdı:

“Əslində bu belə deyil. Trampın fərdi siyasi xətti ABŞ-nin sistemli dövlət maraqları ilə eyniləşdirmək olmaz. Çünki Tramp ənənəvi sistemin qaydalarını qəbul etməyən sərbəst oyunçudur. O, ABŞ adından Putinə strateji tərəfdaşlıq vədləri vermək gücündə deyil. Vaşinqtonun siyasi klasteri buna icazə verməz. Əksinə, yaxın gələcəkdə Rusiya və ABŞ-nin qlobal arenada yenidən bir-biri ilə barışmaz rəqiblərə çevrildiyinin şahidi olacağıq”.