NATO Rusiyadan qaynaqlanan artan təhdidlər səbəbindən alyansın şərq cinahını tarixdə ilk dəfə çoxqatlı robot müdafiə sistemi ilə gücləndirməyi planlaşdırır. Sherg.az xəbər verir ki, Almaniyanın "Welt am Sonntag" qəzetinə danışan NATO Müttəfiq Quru Qoşunları Komandanlığının müavini, briqada generalı Tomas Lovin bildirib ki, Rusiya və Belarus sərhədlərindəki risklərə görə şərq cinahı iki il ərzində əhəmiyyətli dərəcədə möhkəmləndiriləcək.
Plan çərçivəsində NATO-nun şərq cinahında, xüsusilə Rusiya - Belarus sərhədi boyunca texniki maneələr, kəşfiyyat sensorları, robotlar və silah anbarlarından ibarət, uzaqdan idarə olunan və ya yarıavtomatik çoxqatlı müdafiə zonası yaradılacaq. Bu sistem düşmənin ilk mərhələdə dayandırılması, yavaşladılması və irəliləyişinin qırılmasını hədəfləyir.
Robot müdafiə xətti peyklər, pilotsuz uçuş aparatları, kəşfiyyat təyyarələri və rəqəmsal mühitdə məlumat toplayan müasir texnologiyalarla təchiz ediləcək. Sensorlar və avtomatlaşdırılmış silah sistemləri ilə toplanan məlumatlar alyans ölkələrinə ötürülərək müdafiə hazırlıqlarına töhfə verəcək. Sistemlərin minimum personal ilə, əsasən avtomatik rejimdə işləməsi nəzərdə tutulur.
Briqada generalı Lovin qeyd edib ki, insansız sistemlər təkbaşına qalıcı caydırıcılıq yaratmır, əsas həlledici amil yenə də əsgərlərin iştirakı olacaq. Planlaşdırılan çoxqatlı robot müdafiə xəttinin 2027-ci ilin sonuna qədər tamamlanması hədəflənir.
Eyni zamanda NATO, şərq cinahında yerləşən və Rusiya ilə həmsərhəd üzv ölkələrdə silah və sursat ehtiyatlarını ciddi şəkildə artırmağı planlaşdırır. Sistem işə düşdükdə robot qüvvələr düşmənə cavab verərək hücum edən tərəfi təxminən 30 faiz zəiflədəcək, bundan sonra isə insanlı və robot qüvvələr (döyüş təyyarələri daxil) əks-hücum üstünlüyü əldə edəcək.