Kəşmir ətrafında baş verənlər iki dövlətin qarşılıqlı şəkildə bir-birinin zəif yerlərinə zərbə vurduğu hibrid müharibənin tərkib hissəsidir
"Pakistan Hindistanın mümkün hərbi hücumuna qarşı hazırlıqlara başlayıb və belə bir ssenaridə tam gücü ilə cavab verəcəyini bəyan edib". Bu barədə Pakistanın müdafiə naziri Xavaca Asif bildirib. Nazir bildirib ki, “dünya ictimaiyyəti nüvə qarşıdurmasına çevrilə biləcək bu təhlükəli mübahisəyə diqqət yetirməlidir”. Onun sözlərinə görə, həm Pakistan, həm də Hindistan nüvə silahına malik dövlətlərdir və bu, vəziyyəti daha da təhlükəli edir: “Hindistanın başlatdığı hər hansı bir hərəkətə tam güclə cavab veriləcək. Əgər hücum etsələr və ya buna bənzər bir addım atsalar, bu, böyük bir qisasla nəticələnəcək. Belə bir qarşıdurma açıq şəkildə genişmiqyaslı müharibəyə çevriləcək. Nüvə silahına sahib ölkələr arasında yaranan gərginlik hər zaman narahatedicidir. Dünya bu məsələyə diqqət yetirməlidir. Bu, iki nüvə dövlətidir – əgər vəziyyət nəzarətdən çıxsa, nəticələr fəlakətli ola bilər”. Qeyd edək ki, aprelin 22-də Hindistanın idarə etdiyi Kəşmir regionunda silahlı şəxslər bir qrup turistə atəş açıb, ən azı 26 nəfər ölüb.
Siyasi şərhçi Elçin Alıoğlu Sherg.az-a deyib ki, 1947-ci ildən bəri davam edən Kəşmir problemi təkcə sərhəd çəkişməsi deyil. Ekspert diqqətə çatdırıb ki, bu, müxtəlif dini-etnik kimliklərin toqquşması, regional hegemonluq uğrunda mübarizə və postimperial siyasi iradələrin sərt qarşıdurmasıdır:
"Kəşmir həm hindular, həm müsəlmanlar, həm də buddistlər üçün müqəddəs sayılan məkanlarla zəngindir. Amma bu mədəni müxtəliflik çoxdan təhlükəsizlik barrikadaları və silahlı münaqişələr fonunda kölgədə qalıb. 2019-cu ildə Hindistanın hakimiyyətə gələn hindu millətçi "Bharatiya Janata" Partiyası Kəşmirə verilmiş xüsusi muxtariyyəti ləğv etməklə vəziyyəti radikal şəkildə dəyişdi. Bu qərar bölgənin müsəlman əhalisini “ikinci dərəcəli insanlar” statusuna salmaqla yanaşı, Kəşmir torpaqlarının qeyri-müsəlmanlara satılmasına da yaşıl işıq yandırdı. Tarazlıq pozuldu, müqavimət artdı. Elə həmin il yaranan “Müqavimət Cəbhəsi” özünü bu siyasətə qarşı yerli cavab olaraq təqdim etdi. Təşkilatın əsas hədəfi sadə və aydındır: Hindistan hökumətinin "turizm vasitəsilə inteqrasiya" planlarını sabotaj etmək, dinc mühiti terrorla sarsıtmaq və bununla da, Delhi rəhbərliyinin uğursuzluğunu ifşa etmək".
E.Alıoğlunun sözlərinə görə, Hindistanın İslamabadı terrora dəstəkdə ittiham etməsi yeni deyil: "Lakin bu izah həddindən artıq sadələşdirilmiş və vəziyyəti dərk etmək üçün yetərsizdir. Pakistanın keçmişdə bu tip qruplaşmaları dəstəklədiyi doğrudur, lakin bu gün İslamabadın özü ciddi daxili siyasi, iqtisadi və hərbi xaosla üzləşib. Ölkədəki ekstremist qrupların hamısının dövlət nəzarətində olduğunu düşünmək - Cənubi Asiyanın reallıqlarından tamamilə uzaq bir xülyadır. Daha təhlükəlisi isə odur ki, Hindistanın son illərdəki radikal siyasəti artıq yerli silahlı aktorları formalaşdırıb. Onlar özlərini Hindistanın "səssiz işğalına" qarşı vuruşan qəhrəmanlar kimi təqdim edir, xarici göstərişlərə yox, şəxsi qisas hissinə əsaslanırlar. Bu, idarəolunmaz bir radikalizmdir. Bütün bunlarla yanaşı, Hindistanın özü Pakistanın Belucistan bölgəsindəki separatçılara dəstək verir. Hətta bu fəaliyyət “Rao doktrinası” adlı rəsmi sənəddə də təsbit olunub".
Analitikə görə, Kəşmir ətrafında baş verənlər iki dövlətin qarşılıqlı şəkildə bir-birinin zəif yerlərinə zərbə vurduğu hibrid müharibənin tərkib hissəsidir:
"Terror aktından sonra Hindistan hökumətinin reaksiyası klassik sxemdə baş verdi. Yəni Pakistanla su paylaşımı barədə 1960-cı il razılaşmasının dayandırılması, diplomatik heyətin azaldılması, sərhəd keçid məntəqələrinin bağlanması, viza azadlığı ilə ölkəyə gəlmiş pakistanlıların 48 saat ərzində çıxarılması məsələsi gündəmə gəldi. Bu, siyasətdən çox, ritorikadır. İctimaiyyətin gözündə güclü görünmək üçün edilən addımlardır. Lakin bu siyasətin praktik effekti nədir? Qısamüddətli reytinq artımı və millətçi çevrələrdə razılıq dalğasıdır. Uzunmüddətli perspektivdə isə daha da artan radikallaşma, daha çox hücumlar və daha az təhlükəsizlik deməkdir. Hindistan Kəşmir problemini təhlükəsizlik məsələsi kimi təqdim edir. Amma əslində, bu, kimlik, hüquq və siyasi təmsilçilik məsələsidir. Bu reallıq qəbul edilmədikcə, tətbiq olunan istənilən hərbi və inzibati tədbir yalnız müvəqqəti sakitlik gətirə bilər".