Azərbaycan Serbiya ilə energetika sektorunda birgə layihələrin həyata keçirilməsi, ticarət, investisiya, sənaye və infrastruktur sahələrində əməkdaşlıq potensialından istifadə ilə bağlı məsələləri müzakirə edib.
“Report” xəbər verir ki, bununla bağlı müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarovun Serbiyanın Baş nazirinin birinci müavini, maliyyə naziri Sinişa Mali ilə videokonfrans formatında keçirdiyi görüşdə aparılıb.
Görüşdə Azərbaycanın Avropanın, o cümlədən Serbiyanın enerji təhlükəsizliyinə töhfəsi, qarşılıqlı hörmət və etibarlı tərəfdaşlıq prinsiplərinə əsaslanan iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf etdiyi vurğulanıb. Bildirilib ki, ölkələr arasında çoxşaxəli müqavilə-hüquq bazası yaradılıb. Bu, iqtisadi gündəliyin genişlənməsinə və potensialın reallaşdırılmasına möhkəm zəmin yaradır, məlumatda deyilir.