Braziliyada futbolçulara maaş borcu olan klubların 3 xalı silinəcək

Braziliyada futbolçulara və məşqçilər korpusuna əməkhaqqı ödənişini gecikdirən klubların 3 xalı silinəcək.

"Report" xəbər verir ki, bu barədə Braziliya Futbol Konfederasiyası (CBF) məlumat yayıb.

Müəyyən edilmiş qaydalara əsasən, 2028 mövsümündən etibarən klublar maaş borclarına görə 3 xaldan məhrum ediləcəklər.

Braziliya çempionatının startına 20 gün qalmış komandalar Futbolun Tənzimlənməsi və Dayanıqlığı üzrə Milli Agentlik qarşısında oyunçular və məşqçilər heyətinə heç bir ödəniş gecikməsinin olmadığını təsdiqləməlidirlər. Əks halda, klub turnirə mənfi 3 xalla başlayacaq.

İclasda həmçinin 2027-ci ildən etibarən futbolçuların eyni divizion təmsilçiləri arasında keçidləri zamanı oynanılan matçların sayına qoyulan məhdudiyyətin ləğv edilməsi barədə qərar qəbul olunub.