Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;
Səudiyyə Ərəbistanı ilə Azərbaycanın əlaqələrinin başlaması müstəqillik illərinə təsadüf edir
İki müsəlman dövləti olaraq iqtisadi, siyasi, hərbi, mədəni və başqa sahələrdə davamlı əlaqələrin inkişafı Azərbaycanın xeyrinədir
Dekabrın 9-da Ər-Riyad şəhərində Azərbaycanın və Səudiyyə Ərəbistanının xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin üçüncü raundu keçirilib. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Səudiyyə Ərəbistanı nümayəndə heyətinə isə xarici işlər nazirinin müavini Valid Əl-Xureyci rəhbərlik ediblər. Görüşdə iki ölkə arasında əlaqələrin gücləndirilməsi, siyasi, iqtisadi, energetika və humanitar sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Bu ilin noyabrında Azərbaycanın ev sahibliyi etdiyi COP29-un iki ölkə arasında mövcud əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaratdığı bildirilib. Görüşdə Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb, qarşılıqlı dəstəyin bundan sonra da davam etdirilməsi razılaşdırılıb. Postmünaqişə dövründə bölgədəki vəziyyət, Azərbaycan tərəfindən davamlı sülhün bərqərar olunması istiqamətində atılan addımlar, işğaldan azad edilmiş ərazilərimizdə mina problemi və orada həyata keçirilən bərpa-quruculuq işləri barədə qarşı tərəfə ətraflı məlumat verilib. Görüşdə turizm, yaşıl enerji və investisiya qoyuluşu sahələrində əməkdaşlığın inkişafı üçün geniş potensialın olduğu vurğulanıb. Siyasi məsləhətləşmələr zamanı, həmçinin regional, beynəlxalq məsələlər və birgə maraq daşıyan digər mövzular da müzakirə olunub. Səfər çərçivəsində Y.Rəfiyev, həmçinin Səudiyyə Ərəbistanı Krallığının enerji nazirinin davamlılıq və iqlim dəyişikliyi üzrə müavini Xalid Əl-Mehaid ilə görüşüb. Bir neçə gün öncə Səudiyyə Ərəbistanı Krallığının xarici işlər üzrə dövlət naziri Adil bin Əhməd Əl-Cubeyr Ər-Riyadda Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29 Prezidenti Muxtar Babayevlə görüşüb. Görüş zamanı iki ölkə arasında ətraf mühit, iqlim və torpaq deqradasiyası sahələrində əməkdaşlığın gücləndirilməsi imkanları müzakirə olunub. Həmçinin konfransın gündəliyindəki əsas mövzular haqqında fikir mübadiləsi aparılıb. Görüşdə Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev də iştirak edib. Bununla yanaşı, Azərbaycan və Səudiyyə Ərəbistanı ticarət və investisiyaların təşviqi imkanlarını müzakirə edib. Müzakirələr nazir Mikayıl Cabbarovun Səudiyyə Ərəbistanı Krallığına səfəri çərçivəsində təşkil edilmiş görüşlərdə aparılıb. Tərəflər ölkələrimizin dayanıqlı inkişaf hədəflərinə uyğun olaraq iqtisadiyyatın şaxələndirilməsi, ticarət və investisiyaların təşviqi imkanlarını müzakirə ediblər. Həmçinin Səudiyyə Ərəbistanının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səudla keçirilən görüşdə ölkələrimizin "yaşıl enerji" gündəliyinin prioritet istiqamətləri, bu sahədə birgə fəaliyyətin uğurlu nəticələri və ölkələrimiz üçün faydaları barədə fikir mübadiləsi aparılıb. Enerji keçidində potensial layihələr üzrə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib. Görüşdə bərpa olunan enerjinin səmərəliliyinin, alternativ enerji mənbələrinin enerji sektorunda payının artırılmasının ölkəmizin iqtisadi inkişaf strategiyasında vacib məsələlərdən olduğu diqqətə çatdırılıb. Bu istiqamətdə Səudiyyə Ərəbistanı Krallığı ilə əməkdaşlığa önəm verildiyi qeyd olunub.
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov da ölkəmizdə rəsmi səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının hərbi nümayəndə heyəti ilə görüşüb. Müdafiə Nazirliyindən bildirilib ki, general-polkovnik Z.Həsənov qonaqları Azərbaycanda görməkdən məmnunluğunu ifadə edib. Müdafiə naziri ölkələrimiz arasında dostluq və qardaşlıq prinsipi üzərində qurulan əlaqələrin inkişaf etdirilməsinə xüsusi önəm verildiyini və hər zaman Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət mərkəzində saxlanıldığını bildirib. Bu il sentyabrın 24-26-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində Səudiyyə Ərəbistanının geniş tərkibdə nümayəndə heyəti ilə iştirakının yüksək qiymətləndirildiyi qeyd olunub. Nazir Vətən müharibəsində qazanılan Qələbədən sonra azad edilmiş ərazilərin minalardan təmizlənməsi ilə bağlı görülən tədbirlər barədə qonaqları məlumatlandırıb və Səudiyyə Ərəbistanı tərəfindən bu işdə göstərilən dəstəyə görə onlara təşəkkürünü bildirib. Qeyd edilib ki, Vətən müharibəsindən sonra minaların partlaması nəticəsində indiyədək zərər çəkən 382 nəfər mülki və hərbi qulluqçudan 70 nəfəri həlak olub. Daha sonra general-polkovnik Z.Həsənov Bakıda Azərbaycan-Türkiyə-Səudiyyə Ərəbistanı arasında kəşfiyyat sahəsində üçtərəfli formatda keçiriləcək işçi görüşündə iştirakçılara uğurlar arzulayıb. Ölkəmizə səfərindən məmnun olduğunu qeyd edən nümayəndə heyəti göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması münasibətilə general-polkovnik Z.Həsənovu təbrik edib, şəhid olanlara Allahdan rəhmət diləyib və onların yaxınlarına dərin hüznlə başsağlığı verib. Qonaqlar hərbi nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əlaqələrimizin genişlənməsinə təkan verdiyini vurğulayıblar. Görüşdə hərbi, hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri, eləcə də regional təhlükəsizlik məsələləri müzakirə edilib. Görüşdə qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığımızın daha da inkişaf edəcəyinə əminlik ifadə olunub. Tərəflər, həmçinin təcrübə mübadiləsinin əhəmiyyətini xüsusi vurğulayıb və maraq doğuran bir çox digər məsələlərə dair müzakirələr aparıblar.
Milli Cəbhə Partiyasının sədr müavini, siyasi şərhçi Tural İrfan "Sherg.az"a deyib ki, Azərbaycan demək olar ki, bütün ərəb ölkələri ilə isti münasibətdədir. Ekspertin sözlərinə görə, yeganə olaraq Suriya və Livan kimi ermənilərin təsirinin daha çox olduğu ölkələr ilə zəif əlaqələr var:
"Bu da onların stabil hökumətinin hələ ki, formalaşmış olmaması ilə əlaqədardır. Suriyada baş verən dəyişikliklər nəticəsində ümid edirəm ki, bu da qaydasına düşəcək. Səudiyyə Ərəbistanı ilə Azərbaycanın əlaqələrinin başlaması müstəqillik illərinə təsadüf edir. Münasibətlər getdikcə inkişaf etməkdədir. İqtisadi, siyasi əlaqələrin, mədəni münasibətlərin daha da inkişaf etməsi Qarabağ zəfərindən sonra Azərbaycana daha da artan marağın nəticəsidir. Hərbi əlaqələrin də qorunması, qarşılıqlı münasibətlərin dəyərləndirilməsi hər iki ölkə üçün əlamətdardır. Qarabağ zəfərindən sonra Azərbaycan ordusunun məharətinə, döyüş qabiliyyətinin yüksək olmasına diqqət artıb və hərbi sahədə də ölkəmizlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır. Bunlardan biri də Səudiyyə Ərəbistanıdır".
Siyasi şərhçi qeyd edib ki, Ermənistan sovet dövründən qalma münasibətlər çərçivəsində ərəb ölkələri ilə münasibətlərə can atır:
"Ancaq şübhəsiz ki, həm dini, mədəni, həm də başqa ortaq maraqların olması Səudiyyə Ərəbistanının Ermənistandan daha çox Azərbaycanla əlaqələri sıxlaşdırmasına ehtiyac var. Rəsmi Ər-Riyad da bunu anlayır və məğlub olmuş, iqtisadiyyatı çökmüş haqsız ölkə ilə deyil, qalib, dünyada nüfuz sahibi olan haqlı Azərbaycan ilə əlaqələrə üstünlük verir. Azərbaycanın hərb meydanında qələbəsindən sonra siyasi müstəvidə də qələbələri bəzi tendensiyaları dəyişir. Müxtəlif ölkələrin Azərbaycana münasibəti də müsbət mənada dəyişir. Azərbaycanla varlı neft ölkəsi olan Səudiyyə Ərəbistanı arasında əlaqələrin daha sıx əməkdaşlıq səviyyəsində inkişaf etməsinə böyük ehtiyac var. İki müsəlman dövləti olaraq iqtisadi, siyasi, hərbi, mədəni və başqa sahələrdə davamlı əlaqələrin inkişafı, investisiya yatırımı, ticarət mövzusunda Azərbaycanın xeyrinədir. Energetika və humanitar sahələrdə Səudiyyə Ərəbistanı vacib ölkələrdəndir və bu sahədə də Azərbaycan ilə əməkdaşlığın dərinləşdirilməsinə zərurət var".