Parlamentin komitə sədri: Azərbaycan 80-dən çox ölkəyə sərbəst gediş-gəlişi təşkil edə bilir

Azərbaycan 80-dən çox ölkəyə sərbəst gediş-gəlişi təşkil edə bilir.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

Səməd Seyidov bildirib ki, COP29 konfransı ölkəmizin beynəlxalq imicini yüksəltməklə, iqlim və ekologiya sahəsində tarixi nəticələr əldə etməklə, 196 dövlətin 80 min iştirakçısı və dünyanın 80 dövlət başçısını Bakıya gətirməklə, bizə qarşı çıxan qüvvələrin üzərində diplomatik zirvənin parlaq nümunəsidir: "Bunu Azərbaycan diplomatiyasının təntənəsi kimi qiymətləndirmək olar”.

Parlamentin komitə sədri xatırladıb ki, “Diplomatik xidmət haqqında” qanun 2001-ci ildə qəbul olunanda Azərbaycanın 40-adək xarici nümayəndəlikləri fəaliyyət göstərirdi: "Bu gün isə onların sayı 88-dir. O vaxtlar Azərbaycan bir neçə ölkə ilə sərbəst gediş-gəlişini təşkil edə bilərdi, bu gün isə 80-dən çox ölkəyə Azərbaycan vətəndaşının pasportları ilə gediş-gəliş mümkün olur. Bu gün faktiki olaraq diplomatik təşkilatlarda öz nümayəndələrimizin həm sosial, həm diplomatik statusunu təmin etmək imkanını əldə edə bilirik”.