Nazarbayev Azərbaycan Prezidentinə başsağlığı məktubu ünvanlayıb

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

Sherg.az xəbər verir ki, məktubda deyilir:

"“Azərbaycan Hava Yolları” QSC-yə məxsus təyyarənin sərnişinlərinin və heyət üzvlərinin həlak olması ilə nəticələnən faciə barədə kədərli xəbəri dərin təəssüf hissi ilə qarşıladım.

Kədərinizi bölüşərək həlak olanların ailələrinə və yaxınlarına, qardaş Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Bu ağır itki bizim hamımızın ortaq kədəridir. Yaralananların tezliklə sağalmalarını diləyirəm.

Əminəm ki, qardaş Azərbaycan xalqı özünəməxsus mətanəti və cəsarəti ilə bu çətin sınaqdan çıxacaqdır".