Yücel Karauz: Təxribatları Paşinyana bağlı qüvvələr törətmir

"Gedişat yaxın vaxtlarda sülhün əldə olunacağını şübhə altına alır"

Ermənistan silahlı qüvvələri uzunmüddətli fasilədən sonra yenidən şərti sərhədlərimizdə təxribatlara əl atmağa başlayıblar. Müdafiə Nazirliyi məlumat yayıb ki, yanvarın 5-də və 6-da Ermənistan silahlı qüvvələri Ordumuzun Laçın rayonunun Zabux və Cağazur yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutublar. Nazirlik qeyd edib ki, son günlər Ermənistan silahlı qüvvələrinin bölmələri mövqelərimizi bir neçə dəfə atəşə məruz qoyublar və bütün bu hallar aidiyyəti üzrə qeydiyyata alınıb. 

Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general-mayor Yücel Karauz "Sherg.az"a deyib ki, Ermənistan tərəfinin 2025-ci ilə atəşkəsi pozmaqla başlamasının əsas səbəbi sülhün əldə olunmasına qarşı çıxmaqdır. Generalın sözlərinə görə, məhz indiki dönəmdə davamlı təxribatların başqa səbəbi yoxdur: 

"Ermənistan hökuməti öz şərtləri daxilində sülh sazişinin imzalanmasına çalışır. O baxımdan şərti sərhədlərdə baş verən təxribatların sistemli şəkildə düşünülmüş addımlar olduğunu söyləmək mümkündür. Ancaq bu təxribatlar həm də hazırda Ermənistan daxilində yaşananlarla da bağlıdır. Məlumdur ki, Ermənistanı öz məqsədləri üçün istifadə etməyə çalışan kənar güclər mövcuddur. İndiki halda atəşkəsin pozulması hallarının və təxribatların Paşinyana bağlı siyasi-hərbi dairələr tərəfindən qəsdən həyata keçirildiyi inandırıcı deyil. Reallıq odur ki, Ermənistan ordusunda, siyasi dairələrdə keçmiş hakimiyyətin qalıqları hələ də qalmaqdadır. Keçmiş hakimiyyətə bağlı revanşist qüvvələr Azərbaycanla sülhün əldə olunmasını, bölgədə sabitlik olmasını istəmirlər. Bu cür təxribatlar Rusiyayönlü qüvvələrlə Qərbin təsir dairəsi altındakı güclərin, revanşist dairələrin iş birliyinin nəticəsidir. Nəticə etibarı ilə belə hadisələr sülh prosesinə zərbə vurur. Ümumən, gedişat yaxın vaxtlarda sülhün əldə olunacağını şübhə altına alır".