Azərbaycan lideri: Müstəqil Fələstin dövlətinin yaranması bu münaqişəyə son qoyacaq

İsrail-Fələstin məsələsində də bizim mövqeyimiz dəyişməz olaraq qalır. Biz iki dövlətin yaranmasının, yəni mövcudluğunun həmişə tərəfdarı olmuşuq. Müstəqil Fələstin dövlətinin yaranması bu münaqişəyə son qoyacaq.

Sherg.az xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bildirib.

"Hesab edirəm ki, bunu hər kəs başa düşməlidir. Bildiyiniz kimi, biz uzun illər Fələstin dövlətinə öz dəstəyimizi göstəririk. Həm siyasi, həm mənəvi, həm maddi dəstək və bu, davam edir. Uzun illər Azərbaycanda Fələstinin səfirliyi fəaliyyət göstərir. Bizim də Fələstində nümayəndəliyimiz açılmışdır və əlbəttə ki, bu münaqişə nə qədər tez başa çatsa, Qəzzada atəşkəs elan edilsə, o qədər də hamı üçün yaxşı olacaq. Biz bunu arzulayırıq və həm də burada İslam liqasının fəaliyyətini əsas götürürük. Çünki bu, daha çox Ərəb dünyasının məsələsidir və burada Ərəb dünyasının təşkilatı - Ərəb Liqasıdır, onun mövqeyi nədirsə, biz də o mövqeyə şərikik. İslam Əməkdaşlıq Təşkilatının bütün tədbirlərində biz fəal iştirak etmişik və fəal iştirak edəcəyik. Yəni, bizim mövqeyimiz tam açıqdır.", - Prezident İlham Əliyev deyib.