"HƏMAS yenidən baş qaldıracaq" - Blinken

Fələstinin HƏMAS hərəkatı 2023-cü il oktyabrın 7-dən indiyədək şəxsi heyətin itkilərini demək olar ki, kompensasiya edə bilib.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

"Biz İsrail hökumətinə uzun müddətdir ki, HƏMAS-ı tək hərbi əməliyyatla məğlub etməyin mümkün olmadığını demişik. Aydın bir alternativ, münaqişədən sonrakı dövr üçün plan və fələstinlilər üçün real siyasi perspektivlər olmadan HƏMAS yaxud onun qədər dəhşətli və təhlükəli bir hərəkat yenidən baş qaldıracaq", - o deyib.

ABŞ Dövlət Departamentinin rəhbəri əlavə edib ki, İsrail hər dəfə hərbi əməliyyatlar keçirib geri çəkildikdə, HƏMAS yenidən qruplaşır və geri qayıdır.

"Biz hesab edirik ki, HƏMAS az qala itirdiyi qədər yeni döyüşçü qazanıb, bu da uzun sürən üsyan və sonsuz müharibə üçün şərait yaradır” - Blinken vurğulayıb.