Azərbaycanın Davosda iştirakı region və dünya üçün müsbət nəticələr verir -RƏY

Dünya İqtisadi Forumunun növbəti illik toplantısı 20-24 yanvar tarixlərində İsveçrənin Davos şəhərində keçiriləcək. Sayca 55-ci olan Forum bu dəfə “Ağıllı əsr üçün əməkdaşlıq” devizi altında toplaşır. Sammitdə Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen, Çin Baş nazirinin birinci müavini Dinq Şueşyan, Almaniya kansleri Olaf Şolts, Argentina prezidenti Xavyer Miley, Avropa Parlamentinin sədri Roberta Metsola, Cənubi Afrika Respublikasının prezidenti Matamela Siril Ramafosa, İspaniyanın Baş naziri Pedro, Sançes, Azərbaycan Prezidenti İlham Əliyev, Fələstinin Baş naziri Məhəmməd Mustafa, Ukrayna prezidenti Volodimir Zelenski və  İsrail prezidenti İsaak Hersoq daxil olmaqla ümumilikdə 60 dövlət başçısının iştirakı gözlənilir. Hər il olduğu kimi illik yığıncaqda dövlət və hökumət başçıları, əsas beynəlxalq təşkilatlar və Forumun 1000 tərəfdaş şirkətinin nümayəndələri, vətəndaş cəmiyyəti təmsilçiləri, gənc liderlər, sosial sahibkarlar və media iştirak edəcək. Dünya İqtisadi Forumu (DİF) ölkəmizin siyasi, sosial-iqtisadi sahələrində baş verən ən mühüm dəyişikləri beynəlxalq ictimaiyyətə təqdim etmək üçün əhəmiyyətli bir platformadır. Hər il ənənəvi olaraq İsveçrənin Davos şəhərində keçirilən bu nüfuzlu forumda respublikamızın iştirakı dünyada cərəyan edən iqtisadi meyillər haqqında dolğun məlumatlar almağa, eyni zamanda, ölkəmizin iqtisadi potensialı, xarici investisiyaların cəlb olunması imkanlarının təqdimatına, dünyaya lazımlı mesajların verilməsinə əlverişli şərait yaradır. 


Politoloq Sultan Zahidov “Sherg.az”a bildirib ki, bu gün dünya və beynəlxalq münasibətlər sistemində təkcə dövlətlər önəmli aktorlar deyillər:

“Eyni zamanda beynəlxalq təşkilatlar, qeyri-hökümət təşkilatları da dünyadakı siyasi və iqtisadi proseslərdə vacib rola malikdirlər. Davos İqtisadı Forumu bu baxımdan beynəlxalq qeyri-hökümət təşkilatları arasında ən məşhurlarından biridir. Bu forumun dünyadakı siyasi və iqtisadi proseslərə böyük təsiri var. Forum 1971-ci ildən etibarən Klaus Şvab tərəfindən yaradılıb və mərkəzi Cenevrədə yerləşsə də, forumun özü hər il Davosda keçirilir. Sözügedən foruma dünyanın fərqli ölkələrindən siyasi xadimlər, dünya və hökümət rəhbərləri, biznes nümayəndələri, ictimai və dini xadimlər qoşulur. Onlar dünyanın siyasi, iqtisadi, sosial və digər problemlərini müzakirə edirlər. Azərbaycanın da bu forumdan iştirakı ölkəmiz, region və dünya üçün müsbət nəticələr verir. Azərbaycan İkinci Qarabağ savaşından sonra Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradıb. Azərbaycanın iqtisadiyyatı günü-gündən inkişaf etməkdədir. Eyni zamanda belə forumlarda dövlətlərarası əməkdaşlığın prespektivləri müzakirə olunur və fərqli sahələrdə yeni əməkdaşlıq razılaşmalarına imza atılır. Bu baxımdan da Davos İqtisadi Forumunun Azərbaycan üçün faydası olacaq. Azərbaycan 1995-ci ildən forumda iştirak edir və 2007-ci ildən bu yana Prezident İlham Əliyev hər il foruma qatılır. İlham Əliyev hər zaman Azərbaycanın prespektivini forumda iştirak edənlərin və media vasitəsilə bütün dünyanın diqqətinə çatdırmışdır. Bu gün Azərbaycanın nəinki region, qlobal problemlərin həllində çəkisi artmaqdadır. Azərbaycan Avropanın enerji təhlükəsizliyində böyük dəyər sahibidir. Azərbaycan Şərq-Qərb Nəqliyyat Dəhlizinin vacib bəndlərindən biridir. Bu faktorlar Azərbaycanın belə vacib platformalarda iştirakını zəruri edir”. 

Ekspert söyləyib ki, bu gün dünyanın bir çox ölkələri Azərbaycanın imkanlarını bilmək istəyir və Bakının fikrini nəzərə almalı olur:
“Hesab edirəm ki, Davos İqtisadi Forumu həmin fikirlərin müzakirəsi, yeni əməkdaşlıq imkanlarının yaradılması baxımından da nəzərdən keçirilməlidir. Bu il keçirilən forumda dünyanın 130 ölkəsindən 3000 nümayəndə, 60 dövlət və hökümət başçısı və digər rəsmilər qatılacaqlar. Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı da gözlənilir. Düşünərəm ki, fərqli panellər arasında enerjiylə bağlı xüsusi panel yaranacaq. Azərbaycanın səsi dünya liderlərinin səsiylə birligdə səslənir. Forumda Azərbaycanın iştirakı bəşəriyyətin üzləşdiyi təhdidlərlə mübarizədə ölkəmizin fəal iştirakçısı olduğunun bariz göstəricisidir”.