Politoloq: Ukrayna-Azərbaycan əlaqələri hər iki tərəfin milli maraqlarına cavab verir

Bakı siyasi-humanitar dəstəyini əsirgəmir

Prezident İlham Əliyev yanvarın 22-də Davosda qarşı tərəfin müraciəti əsasında Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. Söhbət zamanı Azərbaycan ilə Ukrayna arasında siyasi, iqtisadi, humanitar sahələrdə əlaqələr, energetika sahəsində əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə olunub. 

Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, Azərbaycan-Ukrayna əlaqələri ikitərəfli maraqlar çərçivəsində davam edir. Ekspertin sözlərinə görə, Azərbaycan Rusiya-Ukrayna müharibəsində beynəlxalq hüquqa uyğun olaraq siyasi mövqeyini ortaya qoyub:
 "Bakı Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Rusiyanın Ukraynaya qarşı işğalına dəstək vermir. Məhz Azərbaycan Ukrayna ilə siyasi-iqtisadi və digər qarşılıqlı maraq kəsb edən sahələr üzrə əməkdaşlığı inkişaf etdirir. Prezidentlərin görüşündə AZAL təyyarəsinin müzakirə edilməsi Kremlə mesajdır. Bu görüş Azərbaycanın Ukrayna məsələsində obyektiv olduğunu göstərir. Azərbaycan Ukraynaya humanitar yardımlar göndərir və bütün platformalarda siyasi dəstək verir".

Analitikə görə, Ukrayna-Azərbaycan əlaqələri hər iki tərəfin milli maraqlarına cavab verir:
 "Prezident İlham Əliyev Ukrayna rəhbəri ilə daim təmasdadır və siyasi-humanitar dəstəyini əsirgəmir. Ukrayna işğalla mübarizə aparır, böyük itkilər verir. Rusiya-Ukrayna müharibəsi regionun siyasi və hərbi nizamına ciddi təsir edir. Müharibənin Rusiyanın qələbəsi ilə sona çatması Azərbaycanın milli və təhlükəsizlik maraqlarına ciddi zərbədir".