Əslində, Azərbaycanın ərazi bütövlüyünün tanınması Belarusu sevindirməliydi
Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistan rəhbərliyinə xəbərdarlıq edib. Lukaşenko bildirib ki, Ermənistan AB ilə təhlükəli oynamağa başlayıb. Belarus prezidenti Ermənistan baş naziri Nikol Paşinyanı nəzərdə tutmaqla, onu dayandırmaq çağırışı edib: "Onu orada sakitləşdirin, Ermənistanı məhv edəcək. O, həm də Rusiyanı özünə qarşı qoyur. Balaca ərazisi ilə mühasirəyə alınıb. İndi Avropa Birliyi nəsə kömək etməyə başlayacaq. Ona görə də onu sakitləşdirmək lazımdır. Qafqazda müharibəyə yol vermək olmaz". Lukaşenko deyib ki, Paşinyanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması Putinlə onu heyrətləndirib. Qeyd edək ki, Rusiya prezidenti öz çıxışlarında dəfələrlə bunu təəssüflə vurğulayıb və bəyan edib ki, məhz ondan sonra Rusiyanın atacağı hər hansı addım qalmayıb". Lukaşenko Ermənistan rəhbərliyinin Belarusa qarşı incikliyindən də danışıb: "Mən həmişə sağlam düşüncənin, müharibə olmamasının tərəfdarı olmuşam ki, bir-birimizlə vuruşmayaq. Faktiki olaraq Azərbaycan və Ermənistan liderləri arasında vasitəçi kimi çıxış edərək ərazi mübahisəsinin sülh yolu ilə həllinə yardım etməyə çalışırdım".
Millət vəkili Elçin Mirzəbəyli "Sherg.az"a deyib ki, bu, ilk növbədə Rusiya-Belarus ittifaqının mövqeyini bəyan edən açıqlamadır. Deputatın sözlərinə görə, əgər Avropa İttifaqı ilə Ermənistanın münasibətləri Belarusu, yaxud Belarus-Rusiya ittifaqını narahat edirsə, prinsip etibarı ilə bu iki ölkənin Ermənistana kifayət qədər təsir göstərmək imkanları var:
"Nəzərə alaq ki, Ermənistanın son illərdə əldə etdiyi vəsaitlər, xüsusən Rusiya ilə ticarət dövriyyəsi 12 milyard dollara çatıb. Bu da təkrar ixrac nəticəsində baş verən prosesdir. Təkrar ixracın qarşısı alınarsa, şübhəsiz ki, bu, Paşinyan iqtidarının mövqelərinə kifayət qədər ciddi təsir göstərə bilər. "Ermənistanı sakitləşdirin" yanaşması mücərrəddir. Ermənistanı Rusiya-Belarus ittifaqının təmsilçiləri də sakitləşdirə bilərlər. Söhbət Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunmasından gedir. Belarus rəhbərinin açıqlamasında digər maraqlı yanaşma Azərbaycan ərazilərinin tanınmasının onu və Rusiya prezidentini heyrətləndirməsidir. Əslində, bu, reallığı əks etdirməyən, ictimai rəyə doğru mesajlar verməyən yanaşmadır. Sual yaranır ki, nə üçün heyrətlənirsiz?! Azərbaycanın ərazi bütövlüyü beynəlxalq müstəvidə tanınıb. Paşinyan da Azərbaycanın de-yure sərhədlərini tanıdığını bəyan edib. Düzdür, Belarus Azərbaycana dost dövlətdir. Aramızda kifayət qədər uğurlu əməkdaşlıq var. Amma burada ikili yanaşma var. Əslində, Azərbaycanın ərazi bütövlüyünün tanınması Belarusu sevindirməliydi. Çünki bu, sülh prosesinə gedən yolun önəmli tərkib hissəsidir. Heyrətlənirlərsə, o zaman belə yanaşma ortaya çıxır ki, Paşinyanın Azərbaycanın ərazi bütövlüyün tanımasını arzulamayıblar".
Parlamentarinin fikrincə, bu ikili yanaşma Rusiyanın yanaşmalarında da özünü büruzə verməkdədir:
"Ermənistan-Rusiya münasibətlərinin inkişafını arzulayan topluma ayrıca mesaj verirlər. Paşinyan hakimiyyətinə qarşı isə tamam fərqli mesaj ötürülür. Əslində, erməni cəmiyyətinə "müharibədə Paşinyanın uduzduğu" mesajı verilir. Yəni Paşinyanın hədəf seçilməsinə hesablanmış mesajdır. Amma Azərbaycan ərazilərinin işğal edilməsi prosesində, daha doğrusu, işğalın davam etdirilməsində təkcə Nikol Paşinyan iştirak etməyib. Ermənistanın ilk Prezidenti Levon Ter-Petrosyandan başlayaraq, Nikol Paşinyanadək bütün rəhbərlər Azərbaycana qarşı hərbi cinayətlərin törədilməsində iştirak ediblər. Onların bir hissəsi kiminsə geosiyasi maraqlarına, yaxud separatizmin stimullaşdırılması və onun təzyiq mexanizmi kimi istifadə edilməsi ilə bağlı maraqlarına cavab verirsə, bu o demək deyil ki, onlar yaxşıdırlar. Daim Qərbin, yaxud başqa dövlətlərin ikili standartlardan, "yaxşı, yaxud pis terrorçu" anlayışından çıxış etməsindən gileylənənlər indiki şəraitdə də Ermənistan rəhbərlərinə "yaxşı, yaxud pis müharibə canisi" kontekstindən yanaşmalı deyillər. Onların hamısı müharibə caniləridir və Azərbaycan ərazilərinin işğalında, vətəndaşlarımızın öz yurdlarından didərgin düşməsində və digər ağır müharibə cinayətlərində iştirak ediblər. Bu baxımdan, baxış bucağı əgər beynəlxalq hüquqa əsaslanırsa, orada siyasi motivli iddiaların irəli sürülməsi bir qədər gülünc görünür".