
Paşinyanın "sülh göyərçini" obrazı ifşa olunur -Deputat
Reallıqlar göstərir ki, "sülh kəsişməsi"nin həqiqətən iki qəpiklik dəyəri yoxdur
Baş nazirin aylardır əlində bayraq etdiyi məsələni Azərbaycan dövləti 30 il bundan əvvəl addım-addım icra etməyə başlayıb
"Ermənistanın “Sülh kəsişməsi” layihəsinin Azərbaycansız iki qəpiklik də qiyməti yoxdur". Bu barədə Prezident İlham Əliyev yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə çıxışı zamanı bildirib. Dövlət başçısı deyib ki, Ermənistan dırnaqarası “Sülh kəsişməsi” layihəsini ortalığa atıb: "İndi dünyada bir ölkə qalmayıb ki, o ölkəyə bu layihə təqdim edilməsin. Halbuki, bu dırnaqarası layihənin Azərbaycansız iki qəpiklik də qiyməti yoxdur. Əgər siz bu layihəni doğrudan da həyata keçirmək istəyirsinizsə, ilk növbədə, Azərbaycana müraciət etməlisiniz. Çünki bizsiz bu, sadəcə olaraq, kağız parçasıdır, bizim şərtlərimiz isə ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və Ermənistanın özünün götürdüyü öhdəliklərinə əsaslanır". Ölkə başçısı Ermənistan rəhbərliyinə 10 noyabr kapitulyasiya aktını diqqətlə oxumağı bir daha məsləhət görüb: "Orada xüsusilə dediyim o bəndə diqqət yetirsin. Yenə də deyirəm, onların dırnaqarası layihəsi Azərbaycansız tamamilə əhəmiyyətsizdir. Sadəcə olaraq, vaxt uzatmaqla məşğuldurlar, beynəlxalq ictimaiyyəti çaşdırmaqla məşğuldurlar. Yenə də Azərbaycana qarşı müxtəlif dairələrdə çirkin kampaniyaların aparılmasına rəvac veriblər. Bunun nəticəsində faktiki olaraq bu günə qədər Azərbaycanın ayrılmaz hissəsi - Naxçıvan Muxtar Respublikası ilə bizim ən qısa və ən rahat bağlantımız yoxdur".
Prezidentin növbəti dəfə diqqət çəkdiyi məsələni dəyərləndirən millət vəkili Rizvan Nəbiyev "Sherg.az"a deyib ki, regionla bağlı istənilən strateji əhəmiyyətli qərar məhz bu bölgədə, Azərbaycanın iştirakı və töhfəsi ilə verilir.
Deputat qeyd edib ki, Ermənistan Baş naziri Nikol Paşinyanın bu yaxınlarda Davos İqtisadi Forumunda yenidən təqdim etdiyi "sülh kəsişməsi" adlı layihənin həqiqətən iki qəpiklik dəyəri yoxdur:

"Bu layihənin uğurlu olacağı qeyri-mümkündür. Zəngəzur dəhlizinin Horadizdən Ağbəndədək və Mehridən keçməklə Naxçıvana kimi olan hissəsi 40 km.dir. Düz xətt üzrə davam edən yolu reallaşdıra, təhlükəsizliyini təmin edə bilməyən Ermənistan Gürcüstandan İran ərazisinə əlavə perpendikulyar xətt çəkir. Yəni sadələşdirmək əvəzinə məsələni daha da mürəkkəbləşdirir. Bu, sadəcə olaraq diqqətin yayındırılmasıdır. Nikol Paşinyanın özünü "sülh göyərçini" obrazında müxtəlif məkanlarda təqdim etməsidir. Azərbaycan hələ torpaqlarının işğal altında olduğu zamanda yurisdiksiyasını tətbiq etdiyi ərazilərdə öz nəqliyyat logistikası ilə bağlı strateji, düşünülmüş siyasət həyata keçirib. Paşinyanın aylardır əlində bayraq etdiyi məsələni Azərbaycan dövləti 30 il bundan əvvəl addım-addım icra etməyə başlayıb. Nəticəsi də göz qabağındadır. Cənab Prezidentin çıxışında dəqiq vurğuladığı iki faktoru qeyd etmək istəyirəm. Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız və onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil. Hansısa ölkənin coğrafi vəziyyətinin əlverişli olması hələ onun avtomatik olaraq nəqliyyat qovşağına çevrilməsi demək deyil. Bir ölkənin əlverişli coğrafi mövqeyə malik olması paralel olaraq özündə müəyyən risklər də ehtiva edir. Risk odur ki, qonşu dövlətlərlə yanaşı, digər güclü dövlətlər də burada möhkəmlənmək istəyir. Ermənistandan alət kimi istifadə edənlərin əsas məqsədlərindən biri budur. Cənubi Qafqazın əlverişli coğrafi mövqeyə və resurslara malik olması çox aktorların diqqətini cəlb etməkdədir. Onlar çalışırlar ki, regionda möhkəmlənərək oyun qaydalarını diktə etsinlər. Azərbaycan, o cümlədən Ermənistan dünyada okeana çıxışı olmayan 44 ölkədən biridir. Dövlət başçısı da bu məqamı vurğuladı. Buna baxmayaraq, Azərbaycan apardığı düşünülmüş nəqliyyat logistika siyasəti nəticəsində bu gün regionun vacib nəqliyyat qovşağına çevrilməyi bacarıb. Bunun üçün fiziki fəaliyyət də göstərilib. Məsələn, Bakı Dəniz Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, 8 beynəlxalq hava limanı və s. layihələr reallaşdırıb".
Parlamentari xatırladıb ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 874 saylı qətnamə və 2020-ci ilin noyabrında imzalanmış kapitulyasiya aktının 9-cu bəndi regionda blokadaya son qoyulması, nəqliyyat-kommunikasiya xətlərinin açılmasını birmənalı tələb edir:
"Bu, bir öhdəlik kimi Ermənistanın üzərinə qoyulur. Ermənistan bundan yayınmaqla yalnız özünü təcrid edir. Bakı-Tbilisi-Ceyhan neft kəməri çəkilərkən xəttin bir hissəsinin Ermənistan üzərindən keçməsi də düşünülürdü, müzakirə olunurdu. Əgər alınsaydı, sözügedən marşrut indikindən 800 km. daha qısa və 1 milyard dollar az vəsait demək olacaqdı. İrəvan bundan imtina etdi. Azərbaycan Ermənistanı kənarda qoymaqla üç istiqamətdə uğurlu layihələr reallaşdırdı. Bakı-Tbilisi-Ərzurum qaz kəməri sonradan Cənubi Qaz Dəhlizi vasitəsilə Yunanıstan-İtaliyaya qədər uzandı. Ermənistan müqavimət göstərdikcə, Azərbaycan öz liderinin iradəsinə və düşünülmüş strateji layihələrinə uyğun olaraq fəaliyyətini həyata keçirtdi. Ermənistan isə izolyasiyada qaldı. Gürcüstanın bu layihələrdən nə dərəcədə bəhrələndiyi hamıya bəllidir. Türkiyənin şərqindən qərbinə uzanan qaz kəməri qardaş ölkənin enerji məsələlərini həll edir. Azərbaycan Xəzər dənizi, Qara dəniz və Aralıq dənizi arasında bu nəhəng kommunikasiyanı yarada bilib".