Yaxın dövrdə bütün müharibələr Tramp administrasiyasına ziddir
“Əgər beynəlxalq qüvvələr sülh sazişi ilə bağlı öz piarını təmin etmək istəyirsə, onlar buna sərmayə qoymalıdırlar. Bizə boş bəyanatlar, mənasız səfərlər lazım deyil”
Azərbaycan və Ermənistan ötən əsrin 80-ci illərindən ermənilər tərəfindən başlanan, on minlərlə dinc əhalinin ölümünə səbəb olan qanlı münaqişəni başa vurmağa hazırlaşırlar. Martın 13-də rəsmi Bakı və İrəvan sinxron olaraq iki ölkə arasında sülh müqaviləsi üzərində işlərin başa çatdığını, yəni sənədin mətninin razılaşdırıldığını elan ediblər. Ermənistan tərəfi bir qədər də qabağa gedərək sülh müqaviləsini imzalamağa hazır olduğunu bildirib. Baş nazir Nikol Paşinyan deyib ki, imzalanma tarixləri və yeri ilə bağlı müzakirələrə başlamağa hazırdırlar. Bununla yanaşı tərəflər arasında həllini gözləyən bəzi məsələlər qalıb. Ermənistan tərəfi müqaviləni imzalamağa hazır olduğunu desə də, rəsmi Bakı iki mühüm məqamın həll edilməsini də istəyir. Çünki Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları qalmaqdadır. Digər tələb isə ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlıdır. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov deyib ki, ATƏT-in Minsk qrupunun ləğvi vacibdir. XİN rəhbəri bildirib ki, sazişin imzalanması üçün Ermənistan konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının aradan qaldırılması ilə bağlı müvafiq düzəlişin edilməsi əsas tələbdir. Bu xüsusda, ATƏT-in artıq aktual olmayan Minsk qrupu və digər aidiyyəti strukturlarının ləğvinin də vacibliyi diqqətə çatdırılıb. Ermənistan parlamentindəki hakim Mülki Müqavilə fraksiyasının katibi Artur Ovannisyan deyib ki, sülh müqaviləsinin mətnində Ermənistana aid olub, Azərbaycana aid olmayan heç nə yoxdur, ona görə də birtərəfli güzəştlərdən söhbət gedə bilməz: “İrəvan və Bakı razılaşıb ki, Ermənistan və Azərbaycan sərhədində üçüncü qüvvələrin nümayəndələri olmayacaq”. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni üzrə danışıqların başa çatması Cənubi Qafqaz üçün mühüm addımdır. Çelik qeyd edib ki, bundan sonra Azərbaycana qarşı ərazi iddiaları nəzərdə tutan qanunların və ya konstitusiya maddələrinin dəyişdirilməsi Ermənistan üçün də vacibdir.
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Fərhad Məmmədov "Sherg.az"a deyib ki, sülh prosesində vəziyyət 13 martdan sonrakı dönəmə görə daha yaxşıdır. Ekspert vurğulayıb ki, 13 martdan əvvəl iki ziddiyyətli məqam var idi və həmin gün hər iki tərəfin razılaşması ilə ziddiyyətli məsələlər aradan qalxmış oldu:
"Bu, sülh prosesində mühüm bir addımdır. Məsələ ondadır ki, yaxın dövrdə bütün müharibələr Tramp administrasiyasına ziddir. Tramp administrasiyası "dünyada sülh" şüarı ilə çıxış edir. Təbii ki, özləri istədikləri hədəfi vura bilərlər. Məsələn, ABŞ husilərə zərbə endirə bilir, amma başqa ölkələrin savaş başlatmasının əleyhinədir. Heç kim Tramp dövründə ABŞ ilə baş-başa gəlmək istəmir. Sülh sazişi tərəflərə nə verir? İlk növbədə sülh sazişi Ermənistana imkan yaradacaq ki, Türkiyə ilə sərhədləri açsın, münasibətləri normallaşdırsın. Azərbaycan üçün isə əsasən də ərazilərin bərpası və s. məsələdə heç bir dividend gətirmir. Azərbaycan ilk növbədə Türkiyə ilə koordinasiyanı daha da sıxlaşdırmalıdır. Azərbaycan Ermənistanla hansı istiqamətdə razılaşırsa, Ermənistan da Türkiyə ilə həmin istiqamətdə razılaşmalıdır. Bu sinxronluq qorunmalıdır. Biz sadəcə, İrəvanla diplomatik əlaqələri bəpra ediriksə, Türkiyə ilə Ermənistan da diplomatik münasibətlərdən başlamalıdır. Nəqliyyat, kommunikasiya açılırsa, bu da paralel getməlidir. Digər mühüm məqam odur ki, əgər beynəlxalq qüvvələr sülh sazişi ilə bağlı öz piarını təmin etmək istəyirsə, onlar buna sərmayə qoymalıdırlar. Bizə boş bəyanatlar, mənasız səfərlər lazım deyil. Hazırda vacib məqamlardan biri də azad olunmuş ərazilərin bərpa-quruculuğunda, minalardan təmizlənməsində böyük qüvvələrin gülünc rəqəmli yardımları ilə deyil, daha ciddi formada iştirakıdır. Bu gün Azərbaycan üçün Qazaxıstan prezidentinin sözü Avropa İttifaqının, yaxud ABŞ-nin bəyanatlarından daha təsirlidir. Çünki Qazaxıstan, Özbəkistan Qarabağda məktəb tikiblər, sənaye obyekti açıblar. Yəni sülh prosesində rol oynamaq istəyən xarici güclər bu məsələdə öz dəstəklərini göstərə bilərlər. Hətta Ermənistanın əvəzinə reparasiya verə də bilərlər. Ondan sonra onların sözünə qulaq vermək olar".
Təhlükəsizlik eksperti, siyasi şərhçi İlham İsmayıl da bildirib ki, Azərbaycanın Ermənistanla sülhü imzalamaq üçün əsas şərtlərindən biri Konstitusiya dəyişikliyi ilə bağlıdır:
"Konstitusiya dəyişikliyi də seçkilər, referendum yolu ilə mümkündür. Biz bu məsələnin hansı yolla sənədləşdirilməsini istəyirik. ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı birgə müraciəti İrəvan hökuməti sülh sazişindən öncə də edə bilərdi. Buna maneçilik törədən nəsə yoxdur. Əgər Ermənistan bunu etməkdə tələsmirsə, saxlamağa çalışırsa, deməli, perspektivdə sülh sazişini mübahisə predmetinə çevirə bilərlər. Özləri etməsə belə, onlardan sonra gələnlər edə bilər. Əgər sülh sazişi mübahisə predmetinə çevriləcəksə, burada dayanıqlı sülhdən, iqtisadi inkişafdan, stabillikdən söhbət gedə bilməz. Ona görə deyirik ki, bizə konkret sənəd lazımdır. Ermənistan öz etimadını itirib. Etimadı qazanmaq üçün konkret addımlar atılmalıdır. Biz hələ də şübhə edirik".