O qutabların tərkibində dəvə ətinin olması ehtimalı sıfırdır - Ağa Salamov

“Bizim ölkədə dəvə ətinin istehlakda olması, dəvə ətindən guya qutab hazırlanması boş söhbətdir. O qutabların həqiqətən də dəvə ətindən hazırlanması böyük şübhə altındadır, hətta deyərdim ki, o qutabların içində dəvə əti yoxdur”.

Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıtda bir neçə restoranın menyusundan dəvə qutabını çıxardığı məlumatını şərh edərkən qida məsələləri üzrə ekspert Ağa Salamov “Sherg.az”a bildirdi ki, sahibkarlar istehlakçıları aldadır:

- O qutabların tərkibində dəvə ətinin olması ehtimalı sıfırdır. İzah edim, niyə. AQTA məlumatında qeyd edib ki, yoxlamalar zamanı restoranlarda ətlərin mənşəyini və təhlükəsizliyini təsdiq edən sənədlərin mövcud olmadığı aşkarlanıb. Nöqsanlarla bağlı icrası məcburi göstərişlər verilib, akt tərtib edilib. Mənşəyi şübhə doğuran məhsullardan nümunələr götürülüb.

Agentlik tərəfindən aparılan təhlillər və statistik rəqəmlər dəvə kəsimi həcminin “dəvə qutabı” adı ilə təqdim olunan məhsulların satış dövriyyəsi ilə uyğunsuzluq təşkil etdiyini göstərir. Qida təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda istehlakçıların aldadılmasının qarşısının alınması məqsədilə nəzarət tədbirləri davam etdiriləcək. Ümumiyyətlə ölkımizdə dəvə olduqca məhdud saydadır. Dəvə yetişdirilməsi ilə məşğul olan adam varsa, ferma varsa, bu, başqa. Amma yenə də məhdud saydadır. İşbazlar nə edir, inək, camış ətini alır, farş edir, tərkibinə şəkər tozu qatırlar, maillyard reaksiyasını sürətləndirir. Maillyard reaksiyası odur ki, amin turşuları və reduksiya edici şəkərlər arasında yüksək temperaturda baş verən və qida məhsullarına qəhvəyi rəng, qızardılmış dad və ətir verən kimyəvi reaksiya prosesidir; çörək, ət, qəhvə və şokolad kimi məhsulların bişirilməsi, qızardılması zamanı görünən bu proses nəticəsində melanoidin kimi kompleks molekullar yaranır. İşbazlar da bunu edir. Ətin rəngi tündləşir, istehlakçı da aldanır, elə bilir dəvə ətidir. Və yaxud, bişəndə ətdə o tam da hiss olunur. Adi ətlərin dadı ilə şəkər tozu qatılmış ətlərin dadı fərqlənir. İnsanlar da elə bilir ki dəvə ətidir. Deyirlər, dostlarla yığışaq gedək Novxanıda dəvə qutabı yeyək. Allah saxlasın sizi, Novxanıda dəvə əti nə gəzir?!. Bu, istehlakçı hüquqlarının kobud şəkildə pozulması, vətəndaşın aldadılmasıdır. Belə sahibkarlara cərimə ödətdirməklə kifayətlənilməməlidir. Onların iş fəaliyyətinə xitam verilməlidir. Ciddi cəzalanmalıdırlar. Dövlət sahibkarın yanındadır ona görə ki, müəssisədə “n” qədər işçi çalışır. Dövlət sahibkara hüquq verməyib ki, istehlakçını aldat, vətəndaşa dəvə əti adı altında inək, camış əti sat. Dövlət sahibkara şərait yaradırsa biznesini qurmaq üçün, sahibkarın da vicdanı olmalıdır ki istehlakçını aldatmasın.    

Ətin tərkibi hər hansı kimyəvi reaksiya nəticəsində dəyişirsə qida zəncirinin sonunda – yəni istehlak olunan zaman insan orqanizminə zərərli maddələr ötürülür. Dövlətin marağı odur ki, gələcəyə sağlam nəsil, sağlam əsgər yetişsin. İnsanları zəhərləyən sahibkarlar cəzalanmalıdır. Şəkər ətin tərkibində qızarır – yanırsa akrilamid kimyəvi birləşməsi yaranır ki bu da xərçəng hüceyrəsi yaradır. İnsanları niyə bədbəxt edirlər?! Hər zaman tövsiyə edirik ki, yanma prosesi gedən qida məhsullarından uzaq durun. Kartof-fri, qızartmalar, şirniyyatlar... bunlar hamısı ziyanlıdır. Kimya terapiya alan nə qədər insan var. Xərçəng xəstəliyindən əziyyət çəkirlər. Bu insanlara ətin tərkibində yanmış şəkəri dəvə əti adı altında niyə üstəlik bir də akrilamid yeridilməlidir? Akrilamid xərçəng hüceyrələrini hərəkətə gətirir. Bunu camaatın balasına yedirdirirlər. Belə vicdansızlıq olmaz!  

A.Salamov qeyd etdi ki, dəvə əti də digər heyvan mənşəli ətlər kimi faydalıdır. Lakin dəvə ətində liflər çox sərt olduğuna görə gec bişir, ümumiyyətlə dəvət ətinin xüsusi bişirilmə texnologiyası var. Düzgün texnologiya ilə bişirilmədikdə bərk olur və həzmsizlik yaradır. Ona görə də dəvə ətini adətən farş edirlər ki, tez və yaxşı bişsin, yumşalsın. Düzgün qaydada, yumşaq bişirilib ortaya çıxarılarsa, problem olmaz. Amma bunu edə bilmirlər və etmirlər. Dəvə əti satılmır da heç. İşbazlar qazanc əldə etmək üçün fırıldaqçılıq edirlər.