Orban Brüsseldən Aİ-yə üzv dövlətlərə hüquqlarının qaytarılmasını tələb edir

Macarıstan Avropa İttifaqının (Aİ) rəhbərliyindən birliyin bütün üzvlərinə son illər onlardan qanunsuz alınmış hüquqların qaytarılmasını tələb edir.

"Report"un MTI agentliyinə istinadən verdiyi məlumata görə, bunu Brüsseldə Yanoş Hunyadi mükafatının təqdimetmə mərasimində çıxışı zamanı Baş nazir Viktor Orban deyib.

O qeyd edib ki, Macarıstan hakimiyyətin Aİ liderlərinin əlində həddindən artıq cəmləşməsinə imkan verməyəcək və “Millətlər Avropası”nı, yəni Maastrixt müqavilələrində nəzərdə tutulan suveren dövlətlər icmasını bərpa etməyə çalışacaq. "Biz son illər ölkələrimizdən qeyri-qanuni şəkildə müsadirə edilmiş hüquqları geri almalıyıq. Qaydaların bütün Avropa üzv dövlətlərinə bərabər şəkildə tətbiq olunmasını təmin etməliyik", - o deyib.

"Proqressistlər hakimiyyəti ələ keçirib və Brüsseldə hökmranlıq edirlər. Bunu dəyişməsək, Avropa tezliklə gözümüzün qabağında dağılacaq. Əminəm ki, Brüsseldəki liberal elita yerində qalmamalıdır. Avropaya öz gücünü deyil, millətlərin Avropasını gücləndirməyi düşünən yeni vətənpərvər rəhbərlik lazımdır", - Orban deyib.

O, həmçinin Aİ liderlərinin digər ölkələrin daxili işlərinə, o cümlədən macar əsilli amerikalı milyarder Corc Soros tərəfindən yaradılmış müxtəlif fondlar və QHT-lər vasitəsilə siyasi müxalifətin maliyyələşdirilməsi yolu ilə müdaxiləsinə qarşı çıxış edib. Orbanın sözlərinə görə, Avropa İttifaqı milli hökumətləri zəiflətmək üçün yaradılmış maliyyə şəbəkəsinə çevrilməməlidir. "Amerikadakı dostlarımızın hazırda apardıqları təmizləməyə burada Brüsseldə də ehtiyac olacaq", - Baş nazir vurğulayıb.