Aydın Sezer: Eyni zamanda Kılıçlaroğlu və Özgür Özəl belə durumda fərqli siyasi partiya axtarışına çıxa bilər
Türkiyə siyasəti yenidən hərəkətlənib. Martın 31-də keçirilən bələdiyyə seçkilərində CHP-nin böyük uğur qazanması partiya daxilində yeni güc balansını formalaşdırıb.
Bu qalibiyyət, xüsusilə, 2023-cü il prezident seçkilərində məğlubiyyətlə üzləşən və həmin məğlubiyyətin ardınca CHP liderliyindən uzaqlaşan Kamal Kılıçdaroğlunun yenidən səhnəyə qayıtmasına zəmin yaradıb. Onun seçkilərdə namizəd olma iddiası Türkiyə siyasətində yeni bir fırtınaya səbəb olub.
Türk siyasətçi və yazar Aydın Sezer “Sherg.az” söyləyib ki, Kamal Kılıçdaroğlunun CHP-nin həyata keçiriləcək başqan seçimlərinə qatılacağı yönündə son günlər ciddi şəkildə müzakirələr aparılır:

“Lakin hələ Kamal bəy tərəfindən seçimlərə qatılmaqla bağlı heç bir açıqlama verilmədiyi üçün dəqiq məlumat söyləmək çətindir. Bir neçə gün ərzində qurultayda Kamal Kılıçdaroğlunun başqan seçimlərinə qatılıb-qatılmayacağı bəlli olacaq. Digər tərəfdən cənab Kılıçdaroğlunun Əkrəm İmamoğlunun həbs olunması və Özgür Özəlin mitinqlər həyata keçirdiyi bir şəraitdə seçimlərə qatılıraq qalib gəlməsi halında CHP içərisində mübahisələr başlayacaq. Amma Kılıçdaroğlu qalib gəlməsə belə, yenə CHP-də mübahisələr olacaq. Ümumiyyətlə isə Əkrəm İmamoğlu, Kamal Kılıçdaroğlu və Özgür Özəlin konsensusu əsasında seçim gərçəkləşsə, liderin kim olmasından asılı olmayaraq CHP şübhəsiz daha da güclənərək aktiv bir müxalif vəziyyətinə gələcək. Konqresdə yaşanacaq hansısa məyusluq isə Kılıçlaroğlu ilə Özgür Özəl baxımından CHP və müxalifətə təsir göstərə bilər. Hətta CHP-nin parçalanmasının belə müzakirəyə çıxarılması mümkündür. Eyni zamanda Kılıçlaroğlu və Özgür Özəl belə durumda fərqli siyasi partiya axtarışına çıxa bilər”.