Türkiyəli millət vəkiliAntalya Diplomatiya Forumu əlaqələrimizin daha da dərinləşməsinə imkan yaradacaq

Qlobal səviyyədə sülhün və əməkdaşlığın təşviqi üçün təşkil edilən beynəlxalq forumlar ölkələrin diplomatik gücünü və beynəlxalq nüfuzunu nümayiş etdirmək baxımından böyük əhəmiyyət daşıyır. Bu kontekstdə, Türkiyənin ev sahibliyi etdiyi “Antalya Diplomatiya Forumu 2025” həm regional, həm də qlobal səviyyədə mühüm diplomatik platformadır. 
Belə tədbirlər təkcə fikir mübadiləsi üçün deyil, həm də sülhün qorunması, qarşılıqlı anlaşmanın gücləndirilməsi və regional sabitliyin təmin olunması baxımından əhəmiyyətli rol oynayır. Diplomatiyanın bu mühüm missiyasını yerinə yetirmək üçün təşkil olunan beynəlxalq forumlar, həm də ölkələrin xarici siyasətinin əsas istiqamətlərini nümayiş etdirmək imkanı yaradır.

Türkiyəli millət vəkili İbrahim Özyavuz mövzu ilə bağlı Sherg.az-a açıqlamasında Türkiyədə keçirilən formun önəmindən söz açıb:


"“Antalya Diplomatiya Forumu 2025” 11-13 aprel tarixlərində prezidentimiz Rəcəb Tayyib Ərdoğanın himayəsi və Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə ölkəmizin diplomatik vizyonunu bütün dünyaya bir daha nümayiş etdirəcək şəkildə təşkil olunub. Dünyanın 100-dən çox ölkəsinin dövlət və hökumət başçılarının, xarici işlər nazirlərinin, beynəlxalq təşkilatların rəhbərlərinin iştirakı ilə keçiriləcək bu forumun təkcə ölkəmiz üçün deyil, qlobal sülh və əməkdaşlıq baxımından böyük əhəmiyyəti var. Forumun açılışında prezidentimiz və xarici işlər naziri Hakan Fidanın edəcəyi çıxışlar Türkiyənin xarici siyasət baxışını, regional və qlobal məsələlərdəki rolunu, həll yönümlü yanaşmasını ortaya qoyacaq.
Bu forum təkcə diplomatik görüş deyil, həm də ölkəmizin beynəlxalq səviyyədə nüfuzunu və səmərəliliyini artıran platformadır".

Deputat Türkiyənin diplomatiyanın mərkəzinə çevrildiyini və bunun qürur mənbəyi olduğunu söyləyib. Eləcə də Türkiyə-Azərbaycan münasibətlərindəki dostluq əlaqəsindən danışıb:
"Bu mühüm görüşdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edir. Bu, Türkiyə ilə Azərbaycan arasında möhkəm əlaqələrin göstəricisidir. İki ölkə arasında dostluq əlaqələri günü-gündən möhkəmlənir. Antalya Diplomatiya Forumu kimi platformalar da bu əlaqələrin daha da dərinləşməsinə imkan yaradır.
Azərbaycan Prezidenti İlham Əliyevin forumda iştirakı regional və qlobal məsələlərdə vahid mövqe nümayiş etdirmək üçün mühüm imkan yaradacaq. Bu cür sammitlər təkcə iki ölkə üçün deyil, bütün region üçün mühüm diplomatik inkişaflara qapı açır".

İbrahim Özyavuz sonda bu münasibətlə bir araya gələrək, qardaşlıq və əməkdaşlıq ruhu ilə ölkələrin dünya sülhünə töhfə verəcəyinə ümid etdiyini və bütün iştirakçı liderlərə, diplomatik nümayəndələrə, dəstək verən hər kəsə təşəkkür etdiyini söyləyib.

Qalereya