Elçin Mirzəbəyli: "Trampın məktubu Amerika ilə Azərbaycan arasındakı münasibətlərin inkişafı üçün geniş prespektivlərin vəd edildiyi sənəd kimi dəyərləndirilməlidi"
Azərbaycan-ABŞ münasibətləri son illərdə müxtəlif mərhələlərdən keçmiş, xüsusilə Tramp və Bayden administrasiyaları dövründə fərqli xarakter daşımışdır. Tramp hakimiyyəti dövründə ikitərəfli münasibətlərdə strateji tərəfdaşlıq ruhu müşahidə olunduğu halda, Bayden-Blinken dövründə bu əlaqələr ciddi gərginlik mərhələsinə qədəm qoydu. Trampın Prezident İlham Əliyevə ünvanladığı son məktub, Vaşinqtonun Azərbaycanla əməkdaşlığa qayıtmaq istəyi və yeni dünya nizamında Bakının roluna verilən önəmin göstəricisidir. Eyni zamanda Cənubi Qafqazda Bakının strateji çəkisinin qəbulunun bariz ifadəsidir. Məktubda Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə dəstəyin açıq şəkildə ifadə olunması, həmçinin regional sülh təşəbbüslərinin alqışlanması yeni mərhələyə keçidə işarə edir.
Milli Məclisin deputatı Elçin Mirzəbəyli “Sherg.az”a bildirib ki, Donald Trampın məktubunda qarşıdan gələn illərdə əldə olunacaq möhtəşəm məqamların gözlənilməsinin vurğulanmasını prinsip etibarıyla Azərbaycan və Amerika Birləşmiş Ştatları arasındakı əməkdaşlığın daha yüksək müstəviyə keçəcəyinin göstəricisi kimi qiymətləndirmək lazımdır:
“Digər qeyd olunan maraqlı məqam isə Azərbaycanla İsrailin dostluğu məsələsidir. Bu indiki şəraitdə Trampın Yaxın Şərqə baxış bucağını ortaya qoyan faktordur. Eyni zamanda Trampın Azərbaycanın İsraillə olan tərəfdaşlıq və Türkiyə ilə müttəfiqlik münasibətlərdən istifadə etməklə iki ölkə arasında əlaqələrin normallaşması üçün göstərdiyi səylərə işarədir. Məlum olduğu kimi Bakıda Türkiyə və İsrail nümayəndələri arasında da görüş keçirilib. Ölkəmizin bu addımları regionda sülhün və təhlükəsizliyin təmin olunmasına xidmət edir. Burada daha geniş regiondan, xüsusilə də Qərb, Mərkəzi Asiya, Orta Asiyadan söhbət gedir. Məktubda başqa bir anspekt Azərbaycan və Ermənistanın adının vurğulanmasıdır. Regiona sülh gətirmək üçün Azərbaycanın gördüyü işlərin alqışlanmasıdır. Bu Azərbaycan və Ermənistan arasında birbaşa dialoqun Amerika tərəfindən dəstəklənməsi kimi də qəbul oluna bilər. Son olaraq bundan öncəki bütün məqamların açar hissəsi Amerika tərəfindən Azərbaycanın suverenliyinin, müstəqilliyinin, ərazi bütövlüyünün sarsılmaz olduğu barədə səsləndirilən fikirlərdir. Düşünürəm ki, Trampın məktubu Amerika ilə Azərbaycan arasındakı münasibətlərin inkişafı üçün geniş prespektivlərin vəd edildiyi sənəd kimi dəyərləndirilməlidir”.
Deputat söyləyib ki, Amerikanın Türkiyə və Azərbaycanla münasibətlərinin normala doğru irəliləməsinin Rusiyanın, Avropa İttifaqının maraqlarına təsir etməsi ilə bağlı fikir səsləndirmək doğru yanaşma sayılmaz:
“Amerika indiki şəraitdə öz maraqlarını hər şeydən üstün tutur. Rusiya ilə yeni administrasiya arasında əlaqələr normal səviyyədədir və dialoq baş tutub. Avropa İttifaqı ilə Amerika arasında isə müəyyən anlaşılmazlıqlar var, lakin həmin ziddiyyətlərin müəyyən bir zaman kəsiyindən sonra aradan qalxacağını düşünürəm. Həmin ziddiyyətlərin qaynaqlanma səbəbi Fransa kimi ölkələrin davranışlarının Qərb blokuna zid olmasıyla bağlıdır. Azərbaycan müstəqil hüququn subyekti kimi bütün tərəflərlə normal münasibətlər qurur və inkişaf etdirir. Trampın keçmiş rəhbərliyi dönəmində Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının sessiyasındakı çıxışı və suveren dövlətlərin olduğu faktoru nəzərə alınarsa, indiki halda dəyərləndirmə həm də Azərbaycanın yürütdüyü müstəqil siyasətlə bağlıdır”.