
Putin fasilə verə bilər, amma imperiya ambisiyalarından əl çəkməyəcək - POLİTOLOQ
Ursula fon der Lyayenin bu bəyanatı Avropa İttifaqının Rusiyaya qarşı vahid və davamlı mövqe sərgiləməsi zərurəti çərçivəsində səslənir
Avropa Komissiyasının sədri bu cür çıxışlarla Avropanın müdafiə siyasətini gücləndirməyə, həm də NATO və digər tərəfdaşlarla birlikdə qətiyyətli cavab formalaşdırmağa çağırır
Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Rusiyanın gələcəkdə ekspansiv hərəkətlər edəcəyi barədə xəbərdarlıq edib. O, Rusiyanın Avropa demokratiyalarına qarşı gələcək qarşıdurmalara hazırlaşdığını və bunun üçün hərbi-sənaye potensialını əhəmiyyətli dərəcədə artırdığını bildirib: “Putinlə təcrübəmizdən bilirik ki, o, fasilə verə bilər, amma imperiya ambisiyalarından əl çəkməyəcək. Təəssüf ki, o, son illərdə bunu dəfələrlə sübut edib”. O, bu sözləri ilə Vladimir Putinin uzunmüddətli imperialist planlarının davamlılığını vurğulayır və Rusiyanın yalnız taktiki fasilələr verdiyini, strateji məqsədlərindən — xüsusilə də ərazi ekspansiyası və siyasi nüfuzunu artırmaq istəklərindən vaz keçmədiyini bildirib. Yəni Krımın işğalı, Donbasdakı fəaliyyət və indi Ukraynaya qarşı genişmiqyaslı müharibə bu “imperiya ambisiyası”nın bir hissəsidir. Avropa Komissiyasının sədri hesab edir ki, Ukraynanın müttəfiqləri üçün Rusiyaya qarşı mübarizədə dözümlülüyü saxlamaq çox vacibdir: “Rusiya prezidenti Kiyevə dəstəyin zəifləyəcəyini gözləyirdi, lakin bunun əksi baş verdi”. Rusiyanın təcavüzkar siyasətinə qarşı Avropanın birgə və güclü cavab verməsinin vacibliyini vurğulayan Fon der Lyayen hesab edir ki, Avropa artıq illüziyalar dövrünü arxada qoymalı və öz təhlükəsizliyi üçün məsuliyyət daşımalıdır.
Qeyd edək ki, Fon der Lyayenin Rusiyanın gələcək ekspansiv hərəkətləri ilə bağlı xəbərdarlıqları beynəlxalq ictimaiyyətdə geniş müzakirələrə səbəb olub.Bəzi ekspertlər onun bu mövqeyini tənqid edib, münasibətlərin daha da gərginləşdirilməsinə xidmət etdiyini bildiriblər.
Milli Cəbhə Partiyası sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə isə “Sherg.az”a açıqlamasında deyib ki, Ursula fon der Lyayenin bu bəyanatı Avropa İttifaqının Rusiyaya qarşı vahid və davamlı mövqe sərgiləməsi zərurəti çərçivəsində səslənir. Avropa Komissiyasının sədri bu cür çıxışlarla Avropanın müdafiə siyasətini gücləndirməyə, həm də NATO və digər tərəfdaşlarla birlikdə qətiyyətli cavab formalaşdırmağa çağırır:

“Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü Qərbin təhlükəsizlik arxitekturasını pozub. İkinci Dünya müharibəsindən sonra Qərbin formalaşmış siyasi sferasında parçalanma yaranıb. Hətta ABŞ ilə Avropa arasında dərin siyasi ziddiyyətlərə gətirib çıxardı. Rusiyanın təcavüzü yalnız bir ölkəyə qarşı deyil, beynəlxalq nizamın əsas prinsiplərinə – sərhədlərin toxunulmazlığına, dövlətlərin müstəqilliyinə və gücdən istifadə etməmək prinsipinə qarşı yönəlmiş bir çağırışdır. Ukraynanın müttəfiqləri Rusiyaya qarşı mübarizəni davam etdirməlidirlər. Bu, təkcə Ukraynanın suverenliyinin və ərazi bütövlüyünün müdafiəsi deyil, eyni zamanda beynəlxalq hüququn qorunması və qlobal təhlükəsizlik sisteminin davamlılığının təmin olunması məsələsidir. Bu baxımdan, Ukraynaya dəstək vermək sadəcə siyasi və hərbi məsələ deyil, həm də demokratik dəyərlərin və qlobal sabitliyin müdafiəsi anlamını daşıyır. Hər kəs bilir ki, Rusiya Ukrayna ilə kifayətlənməyəcək, Şərqi Avropanı, Baltikyanı ölkələri də öz nəzarəti altına almaq niyyətindədir”.
M.Əsədullazadənin fikrincə, Ursula fon der Lyayen bu çıxışı ilə həm də Avropa İttifaqının lider rolunu vurğulamağa və transatlantik birliyin möhkəmləndirilməsinə töhfə verməyə çalışır:
“Onun sözləri, demokratiya və beynəlxalq hüquq prinsiplərinin müdafiəsi naminə daha sıx koordinasiyaya ehtiyac olduğunu göstərir. Eyni zamanda vahid Avropa ordusunun formalaşması ideyasını özündə ehtiva edir”.
Politoloqun sözlərinə görə, müttəfiq ölkələrin vahid və ardıcıl mövqe sərgiləməsi, həm Ukraynanın müqavimət qabiliyyətini gücləndirir, həm də təcavüzkar dövlətlərə beynəlxalq ictimaiyyətin biganə qalmayacağına dair aydın mesaj verir:
“Əgər bu dəstək zəifləsə, bu, yalnız Ukrayna üçün deyil, digər suveren dövlətlər üçün də təhlükəli presedent yarada bilər. Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin müttəfiqləri Rusiyaya qarşı birləşməyə çağırışı, Qərbin Rusiya təhdidinə qarşı birlik və həmrəylik nümayiş etdirmək əzmində olduğunu bir daha göstərdi. Bu çağırış, yalnız Ukraynanın müdafiəsinə deyil, həm də Avropanın təhlükəsizlik arxitekturasının bütövlüyünə yönəlmiş strateji mesaj kimi qiymətləndirilə bilər”.