- “Azərbaycan Avropa üçün daha əhəmiyyətli tərəfdaşa çevrilib”
Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər son illərdə enerji əməkdaşlığı ilə yanaşı, siyasi, iqtisadi və nəqliyyat sahələrini də əhatə edən çoxşaxəli tərəfdaşlıq formatında inkişaf edir. Xüsusilə Avropanın enerji təhlükəsizliyi, regional bağlantı və yeni nəqliyyat marşrutlarının formalaşması ilə bağlı proseslər Azərbaycanın Aİ üçün əhəmiyyətini artıran amillər sırasında göstərilir. Bununla yanaşı, tərəflər arasında siyasi gündəmdə müxtəlif yanaşmaların mövcudluğu da münasibətlərin mühüm istiqamətlərindən biri olaraq qalır.
Politoloq Yusif Bağırzadə Sherg.az-a Azərbaycan-Aİ əlaqələrinin hazırkı vəziyyəti və gələcək perspektivlərindən danışıb:
"Azərbaycan-Avropa İttifaqı münasibətlərinin hazırkı vəziyyətini ümumilikdə strateji tərəfdaşlığın dərinləşməsi mərhələsi kimi qiymətləndirmək mümkündür. Son 30 ildə bu münasibətlər tədricən enerji əməkdaşlığı üzərində qurulan tərəfdaşlıqdan daha geniş siyasi, iqtisadi və geostrateji məzmun daşıyan əməkdaşlığa çevrilib. Aİ rəsmilərinin Azərbaycanın “etibarlı enerji tərəfdaşı” kimi xarakterizə etməsi də bu baxımdan təsadüfi deyil. Xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra Avropanın enerji təhlükəsizliyi məsələsi Azərbaycanı Aİ üçün daha əhəmiyyətli tərəfdaşlardan birinə çevirib.
Bu baxımdan enerji amili münasibətlərin əsas dayaqlarından biri olaraq qalır. 2022-ci ildə imzalanmış Aİ-Azərbaycan enerji üzrə Strateji Tərəfdaşlıq Memorandumu Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz tədarükünün artırılmasını nəzərdə tutur".
Analitik vurğulayıb ki, Aİ bu dəhlizi enerji mənbələrinin və marşrutlarının şaxələndirilməsi baxımından mühüm hesab edir:
"Hazırda Azərbaycanın Aİ-nin qaz tələbatında oynadığı rol rəqəm ifadəsilə ümumi Avropa bazarı fonunda çox böyük görünməsə də, xüsusilə Cənub və Cənub-Şərqi Avropanın enerji təhlükəsizliyi baxımından Azərbaycanın strateji əhəmiyyəti daha böyükdür.
Lakin münasibətlərin yeni mərhələsinin ən mühüm xüsusiyyəti enerji əməkdaşlığının özünün də transformasiya olunmasıdır. Artıq söhbət təkcə qaz tədarükündən getmir. Aİ və Azərbaycan yaşıl enerji, elektrik enerjisinin ötürülməsi, Xəzər dənizində külək enerjisi potensialı və “Yaşıl Enerji Dəhlizi” kimi layihələr üzərində əməkdaşlığın perspektivlərini müzakirə edirlər. Bu isə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun ənənəvi karbohidrogen ixracatçısı modelindən daha geniş enerji tərəfdaşlığı modelinə keçə biləcəyini göstərir.
Digər mühüm istiqamət nəqliyyat və regional bağlantıdır. Azərbaycanın Şərqlə Qərbi birləşdirən coğrafi mövqeyi, Orta Dəhlizin inkişafı və Xəzər üzərindən Avropaya çıxış imkanları Aİ üçün getdikcə daha çox əhəmiyyət qazanır".
Politoloq bildirib ki, xüsusilə qlobal geosiyasi rəqabətin və logistika marşrutlarının yenidən formalaşdığı bir dövrdə Azərbaycan təkcə enerji deyil, həm də nəqliyyat və ticarət tərəfdaşı kimi nəzərdən keçirilir:
"Bununla yanaşı, münasibətlərdə müəyyən problemlərin olduğunu da qeyd etmək lazımdır. Aİ ilə Azərbaycan arasında siyasi dialoqda bir sıra məsələlər zaman-zaman fikir ayrılığı yaradır. Buna görə tərəfdaşlığın enerji və geosiyasi maraqlarla sürətlə dərinləşməsi siyasi gündəlikdəki bütün fikir ayrılıqlarının aradan qalxması anlamına gəlmir.
Əslində, hazırkı münasibətlərin əsas xüsusiyyəti məhz qarşılıqlı maraqların artması ilə yanaşı, fərqli siyasi yanaşmaların da mövcudluğudur. Aİ Azərbaycan üçün mühüm ticarət, investisiya, texnologiya və siyasi tərəfdaşdırsa, Azərbaycan da Avropa üçün enerji təhlükəsizliyi, regional bağlantı və Cənubi Qafqazda sabitlik baxımından əhəmiyyətli ölkədir".