- Zahid Oruc: “İlham Əliyevin siyasəti artıq ermənilərin də gələcək baxışını formalaşdırır”
Azərbaycan və Rusiya prezidentləri arasında növbəti telefon danışığı baş tutub. Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyevə zəngi zamanı iki ölkə arasında münasibətlərin hazırkı vəziyyəti və əməkdaşlığın müxtəlif istiqamətləri ilə bağlı məsələlər diqqət mərkəzində olub. Dövlət başçıları, xüsusilə iqtisadi-ticari və humanitar sahələrdə qarşılıqlı əlaqələrin aktual məsələlərini müzakirə ediblər. Telefon danışığı zamanı ikitərəfli münasibətlərin müxtəlif səviyyələrdə daha da intensivləşdirilməsi barədə razılıq əldə olunması diqqət çəkir.
Millət vəkili Zahid Oruc Sherg.az-a bildirib ki, qeyd olunan məlumatlar müəyyən bir mənzərə yaradır, çünki öz-özlüyündə telefon zəngini açan tərəf Rusiya rəhbəridir:
“Yaxınlarda Qırğızıstanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatında da ayaqüstü bir salamlaşma və kiçik fikir mübadiləsi aparılmışdı. Həmin səhnə Rusiya-Azərbaycan arasında AZAL təyyarəsinin vurulmasından sonra xüsusilə də qabaran və məhz Rusiya hakimiyyət orqanlarının yanlış siyasətindən qaynaqlanan gərginliyin aradan qaldırılmasına müəyyən qədər xidmət eləyən addımlar kimi dəyərləndirildi. Çünki ölkəmizin rəhbəri ilk gündən həmin məsələ ilə bağlı xalqımızın iradəsini ifadə eləyərək bəyan etmişdi ki, ilk növbədə üzr istənilməli, məsuliyyət daşıyan şəxslərlə bağlı istintaq tədbirləri həyata keçirilməli və kompensasiya ödənməlidir. Çox gecikildi bu tələblərə, o səbəbdən həmin dönəmdə qarşılıq olaraq münasibətlər xeyli dərəcədə aşağı səviyyədə saxlanılmış oldu. Lakin ötən məsələyə bir az da geniş tabloda baxsaq, Rusiyanın elitası içərisində Velikorus şovinizmi ilə düşünən, milli dövlətləri, ayrıca müstəqil ölkələri qəbul etməmək xətti üzərində olan xeyli qüvvələr var. Onlar prosesi informasiya məkanında, o cümlədən digər müstəvilərdə zədələyirlər və öz-özlüyündə bu, Qafqazlardakı vəziyyətə də təsir eləyir. İndiki halda Moskva-İrəvan münasibətlərinin, xüsusən Vətən müharibəsində qələbəmizdən sonra daha da pisləşməsi və Ermənistanın tədricən Rusiya orbitindən çıxaraq Qərb yönümlü kursa tamamilə keçid etməsi, hətta bununla bağlı referendumdan məsələlərin çıxarılacağının bildirilməsi fonunda görünür”.
Parlamentari qeyd edib ki, Kremldə bir sıra qüvvələr Qafqazın bütövlükdə Rusiyanın təsir dairəsindən çıxması kimi bir mövqelər formalaşdırır və o kontekstdə də müxtəlif əks addımlar tətbiq edilir:
“Halbuki Azərbaycan dövləti indiki şəraitdə qlobal savaş fonunda belə Rusiya əleyhinə forposta çevrilmədən müstəqil siyasət yürüdür. Buna görə də rəsmi Bakıya təşəkkür etmək lazım idi. Ölkələr arasındakı münasibətlərə, əlbəttə ki, bu, həm qarşılıqlı ticarət dövriyyəsi, o cümlədən bir sıra digər mühüm layihələrdə iştirak və s. ilə əlaqəlidir. Azərbaycan regional təhlükəsizliyin quruculuğunda bölgədə bütün marağı olan dairələrin mənafelərini görməsi, onların siyasətlərini dəyərləndirməsinə rəğmən, ilk növbədə dövlətin maraqlarını irəliyə qoyur. Xüsusilə də Qarabağ zəfərindən sonra Azərbaycan Cənubi Qafqazda dominant bir güc kimi yeni təhlükəsizlik arxitekturası formalaşdırır. Bu, heç də qonşularla müharibə və s. deyil, tam əksinə, Ermənistanla kommunikasiyaların açılması və Qafqazların sülhə qovuşmasıdır. Məhz bu xətt, hazırda embarqolar və sanksiyalar altında olan Rusiyanın mənafelərinə zidd deyil. O cümlədən Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələ, bilavasitə Azərbaycanın quru əlaqələri yolu ilə Naxçıvanla birləşməsi “10 noyabr” Bəyanaməsində də razılaşdırılmışdı. Ondan sonrakı dönəmdə Rusiyanın moderator ola bilməməsi fonunda məhz Donald Tramp 8 avqust 2025-ci ildə tərəfləri sülh müqaviləsinin paraflanmış sənədinə imza atdırmağı bacardı və regional proseslərdə Birləşmiş Ştatların mövqeyi önə çıxdı. Ondan sonra nəinki üçtərəfli layihələr, planlar, strategiyalar meydana gəldi. O cümlədən müvafiq strateji xarakterli sənədlərin imzalanması ilə də bağlı mühüm addımlar atıldı”.
Z.Oruc əlavə edib ki, Putinin bilavasitə telefon zənginin həm Ermənistanla gələcək dövr açılımı, o cümlədən Cənubi Qafqazdakı proseslərin gələcəyi, Azərbaycanın aparıcı mövqeyi, həmçinin Şimal-Cənub layihəsinin gələcəyi istiqamətində məsələləri əhatə etdiyini söyləyə bilərik:
“Əminəm ki, dövlətlərin subyektliyini qəbul etməyən, onları daha artıq dərəcədə ideoloji savaş dövrünün qanunları ilə qiymətləndirən dairələrə qarşıdakı dövrdə daha sərt bir mövqe göstəriləcək. Hər bir halda buna inanmaq istəyirik. İki dəfə Putinlə görüşlərdən sonra müəyyən yumşaq açıqlamalar, mövqelər olsa da, qlobal savaşın içərisində olan bu dövlətin Azərbaycana qarşı münasibətlərində diskriminativ yanaşma azalmadı. Hətta soydaşlarımızın, diaspora rəhbərlərinin sərvətlərinin yağmalanması, etnik cinayətkar qrup adı ilə bir millətin üzərinə damğa olunması, Qafqaz siması kimi efir məkanında qabardılması xəttini görmüşük. Bu da qarşılıqlı olaraq sərt addımlara səbəb olub. Çünki Azərbaycan öz müstəqil iradəsini ortaya qoyub. Azərbaycanın, Qafqazların tarixində heç vaxt keçmiş imperiya varislərinin müstəqilliyimizə və apardığımız siyasətə təsir imkanları indiki qədər aşağı olmayıb. Həmişə bu regionda xarici amil güclü olub. İlk dəfədir ki, İlham Əliyevin yürütdüyü siyasət təkcə azərbaycanlıların yox, gürcülərin, o cümlədən sülh tərəfdarı olan ermənilərin gələcək baxışını formalaşdırır. Paşinyana verilən səslər də məhz oradan qaynaqlanır. Ümumiyyətlə Rusiya əgər qarşıdakı dövr açılım proseslərində yer almaq, yaxşı rol oynamaq istəyəcəksə, şübhəsiz ki, bu münasibətlərin normallaşmasına müsbət təsir edəcək. Əks halda itirən tərəf Azərbaycan olmayacaq”.