Rusiya Prezidenti Vladimir Putin “Beynəlxalaq Layihələr Fondu”nun yaradılması haqqında fərman imzalayıb. Kreml sahibinin fərmanının icrası Rusiya Xarici İşlər Nazirliyi və Daxili İşlər Nazirliyinə tapşırılıb.
Sherg.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib. Ekspert qeyd edib ki, fond öz proqramlarını xaricdə həyata keçirəcək:
“Fərmana əsasən, fond “Rusiya Federasiyası ilə digər dövlətlər arasında ictimaiyyətlə əlaqələr və humanitar və digər sahələrdə əməkdaşlığın inkişafını təşviq etmək məqsədi ilə” yaradılır.
Bu, nə deməkdir?
Birincisi, fond vasitəsilə Moskvanın maraq kəsb etdiyi əcnəbilərin Rusiyaya köçürülməsi dəstəklənəcək. Rusiya qrantlar vasitəsilə özünə dost ölkələrlə yanaşı, dost olmayan ölkələrə də nüfuz etməyə, bu ölkələrdə təsir agentlərini formalaşdırmağa çalışacaq. Kreml sahibinin fərmanına görə, təsir agentləri öz ölkələrində müxtəlif təzyiqlərlə üzləşdikdə, Rusiyaya təxliyə ediləcəklər. Sənədə görə, istedadlı əcnəbilərin Rusiyaya cəlbi mexanizmi yaradılmalıdır. Onlar Rusiyada hüquqi status əldə edəcəklər.
Rusiya fərmandakı “istedadlı əcnəbilər” bəndi vasitəsilə müxtəlif ölkələrdəki agentləri və “5-ci kolon” üzvlərini də təxliyə edəcək. Məsələn, Rusiya bu fərman vasitəsilə Azərbaycandakı tərəfdar və şübhə altında olan təsir agentlərini də təxliyə etməyə çalışa bilər. Fərmanda belə bir bənd var ki, öz ölkələrində Rusiya dəyərlərini bölüşənlər dəstəklənəcək. Ramiz Mehdiyev ev həbsində olmasaydı, Rusiya dəyərlərini bölüşən biri kimi asanlıqla Moskva tərəfindən təxliyə edilə bilərdi”.
İkinci məqama gəlincə, Elxan Şahinoğlu vurğulayıb ki, Vladimir Putinin göstərişi ilə Rusiya qrantlar vasitəsilə beynəlxalq proqram və layihələrdə iştirak edəcək:
“Söhbətin konkret hansı layihələrdən getdiyi bəlli deyil. Digər yandan, Rusiya Ukraynaya qarşı işğalçı müharibə səbəbindən Qərbin sanksiyaları ilə üzləşib. Bu vəziyyətdə Rusiya Qərb ölkələrinin layihələrini maliyyələşdirə bilməyəcək. Görünür, Rusiya lideri ayıracağı qrantlar vasitəsilə Avrasiya, Afrika və Cənubi Amerika ölkələrində fəallığını atırmağı planlaşdırır. Belə olarsa, Rusiya qrantlar vasitəsilə strateji tərəfdaşı Çinlə rəqabət içərisində olacaq. Çünki Çin müxtəlif ölkələrdə iqtisadi-enerji layihələri reallaşdırır, bu məqsədlə milyardlarla dollar yatırımlar həyata keçirir. Rusiyanın bu cür maliyyə imkanları yoxdur. Ona görə də Kreml iqtisadi yatırımlar əvəzinə üçüncü ölkələrdə nüfuzunu artırmaq üçün qrant layihələrinə üstünlük verəcək. Bu bir növ, Qərbin müxtəlif fondlarının ayırdığı qrantlara bənzəyəcək”.
Vüqar İşıq