Rusiya İran ətrafında artan hərbi-siyasi gərginlik fonunda rəsmi mövqeyini açıqlayıb. Moskva Tehranın daxili siyasi proseslərinə xarici müdaxiləni və ölkəyə qarşı səsləndirilən yeni hərbi təhdidləri qəbuledilməz hesab edir. Bu mövqe Rusiya xarici işlər naziri Sergey Lavrovun mətbuat konfransında səsləndirdiyi açıqlamalarda əksini tapıb.
Politoloq Məhəmməd Əsədullazadə Sherg.az-a açıqlamasında Rusiya ilə İranın müttəfiq olduğunu vurğulayıb:
"Tərəflər arasında siyasi, iqtisadi və hərbi əlaqələr yüksək səviyyədədir. Bu günlərdə İranla ABŞ arasında yaranan hərbi-siyasi gərginlik, İrana qarşı mümkün hərbi təhdidlər və iqtisadi təzyiqlər fonunda, Rusiyanın narahat olacağı açıqdır. Çünki Rusiya və İran eyni xətt üzrə, Qərbə qarşı birgə çıxış edir. Rusiya anlayır ki, İrana yönələn təzyiqlər, əslində, sistemin dəyişməsini hədəfləyir. Bu, rəsmi Moskvaya da zərbə vurmaqla, onun ətrafındakı ölkələrdə təsirini azaltmaq məqsədi daşıyır".
Politoloq verilən açıqlamaların heç nəyə ciddi şəkildə təsir etməyəcəyink bildirib:
"Bu açıqlama sadəcə söz yığnağıdır. Çünki ABŞ bu strateji məsələlərdə aktivdir. Rusiya özü Ukraynada hərəkət edərək bir ölkənin daxili işlərinə müdaxilə edir, öz şərtlərini diktə edir. Bu baxımdan, Rusiyanın belə məsələlərdə mövqeyini ortaya qoyması siyasi və praktik olaraq qəbul olunan deyil.
Rusiya Venesuelada və Kubada təsirini artırmaq üçün addımlar atır. İranla bağlı məsələlərdə Moskva çox narahatdır. Əgər İranın nefti və qazı ABŞ kimi ölkələrə satılarsa, bu, Rusiyanın maraqlarına zərbə olacaq. Bu halda Rusiya neft və qazının alıcısı azalacaq və iqtisadiyyatına mənfi təsir düşəcək".