“Trampa sui-qəsd qorxusu bilərəkdən gündəmə gətirilir” - Xarici ekspert

  • “İrana qarşı informasiya savaşı siyasi manipulyasiya xarakteri daşıyır”

Yaxın Şərqdə davam edən geosiyasi gərginlik fonunda informasiya müharibəsi də hərbi və diplomatik proseslərin ayrılmaz hissəsinə çevrilib. Xüsusilə İsrail və İran arasında qarşılıqlı ittihamlar, kəşfiyyat fəaliyyəti, psixoloji təsir əməliyyatları və media üzərindən yayılan məlumatlar regional və beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.

İsrail kəşfiyyatının ABŞ Prezidenti Donald Trampa qarşı mümkün sui-qəsd planı ilə bağlı Vaşinqtona məlumat ötürdüyünə dair iddialar da bu müzakirələri daha da gücləndirib. Məlumatın "The Wall Street Journal"ının mənbələrə istinadən yayılması, eləcə də Ankarada NATO zirvəsində olan Trampın İran üçün "bir nömrəli hədəf" olduğunu bildirməsi mövzunun siyasi və təhlükəsizlik aspektlərini yenidən gündəmə gətirib. 

İslamabadda yerləşən “Cənubi Asiya və Beynəlxalq Araşdırmalar Mərkəzi”nin (CSAIS) İcraçı Direktoru, pakistanlı mütəxəssis Mahmud Ul Hasan Xan Sherg.az-a İsrail kəşfiyyatının İran cəmiyyətinə, sisteminə və dövlətinə dərin şəkildə nüfuz etdiyini söyləyib: 

"Buna görə də o, istədiyi məqsədlərə uğurla nail olur. Bu məlumatın və bəyanatın bir çox aspekti var.

Birincisi, İsrail hökumətinin gizli istəyi və məxfi gündəliyi davam edən ABŞ-İran sülh razılaşmalarını və texniki danışıqları pozmaqdır. Bunun üçün hazırkı ABŞ Prezidentinə qarşı İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və ya İranın dərin dövlətinin dəstəklədiyi hər hansı naməlum qrupun sui-qəsd edəcəyi ilə bağlı qəsdən şübhə və qorxu yaradılır.

İkincisi, bu, İsrail hökumətinin yalan, saxta və uydurma xəbərlər yaymaqla strateji simpatiya kartından istifadə etməyə yönəlmiş siyasi manipulyasiyası ola bilər. Bu, doğru olmaya biləcək siyasi hay-küy təsiri bağışlayır.

Üçüncüsü, şiələrin qisası kifayət qədər geniş yayılmış və tanınmış bir anlayışdır". 

Analitikin sözlərinə görə İsrail bundan İrana və onun strateji müttəfiqləri olan Hizbullah və HƏMAS-a qarşı apardığı müharibədə müəyyən strateji üstünlüklər əldə etmək üçün istifadə edir:

"Bu, müəyyən qədər əsaslı ola biləcək bir konspirasiya nəzəriyyəsidir. Lakin bütövlükdə bu, qarşı tərəf olan İranı nüfuzdan salmaq məqsədi daşıyan siyasi cəhd və media vasitəsilə həyata keçirilən sui-qəsd kimi qiymətləndirilə bilər".