Vaşinqton qətiyyətlə Tehranın siyasi sitemini qəbul etmir - TƏHLİL

"Əgər tərəflər arasındakı danışıqların müddəti uzansa, ABŞ İranın vaxt qazandığını düşünüb, ölkənin ali rəhbərliyinə qarşı, hərbi əməliyyatlara başlayacaq”

ABŞ və İran arasında ötən gün İsveçrənin Cenevrə şəhərində nüvə proqramı üzrə danışıqların ikinci raundu baş tutdu. Danışıqlar formal olaraq diplomatik platformada davam etsə də, tərəflərin ziddiyətli mövqeləri, prosesin mürəkkəbliyini bir daha üzə çıxardı. Görüşdə İranı, xarici işlər naziri Abbas Əraqçi, ABŞ-ni isə Vaşinqtonun Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff və Prezident Donald Trampın kürəkəni Cared Kuşner təmsil edib. Vaşinqton Tehrandan nüvə proqramını tam dayandırmağı, eləcə də uzaqmənzilli raket proqramını məhdudlaşdırmağı tələb edib. İran isə uranın zənginləşdirilməsini davam etdirməklə bağlı mövqeyini bir daha təsdiqləyib. Cenevredə, danışıqların davam etdiyi vaxtda, İranın Hörmüz boğazında hərbi təlimlərə başlaması, ABŞ-nin isə boğaz üzərində kəşfiyyat uçuşları həyata keçirməsi, diplomatik proseslə paralel şəkildə hərbi aktivliyin də artdığını göstərir. 

Mövzu ilə əlaqədar politoloq Məhəmməd Əsədullazadə Sherg.az-a bildirib ki, ABŞ və İran arasında Cenevrədə baş tutan danışıqlar nəticə vermədi:

“Cenevrədə keçirilən danışıqları İran tərəfi müsbət olaraq dəyərləndirib. Hətta, Tehranın nüvə proqramını dayandıracağına dair ümidlər artıb. İran Prezidenti Məsud Pezeşkian isə aparılan danışıqların istiqamətinin birbaşa ali dini lider Əli Xameneinin təlimatı əsasında keçirildiyini bildirir. Bu isə islahatçı qanadın və Pezeşkianın ABŞ ilə danışıqlara sadiqliyini göstərir. Rəsmi Tehran prosesi diplomatik müstəvidə həll etməyə çalışır. Lakin ölkə daxilində mühafizəkar dairələr ABŞ-yə qarşı sərt xəttin qorunmasının tərəfdarıdır. Düşünürəm ki, danışıqlar sadəcə vaxt qazanmağa xidmət edir. Hazırkı mərhələdə danışıqların uzadılması hər iki tərəfin taktiki maraqlarına uyğun görünür”. 

Politoloqun sözlərinə görə, Vaşinqton qəti şəkildə, Tehranın siyasi sitemini qəbul etmir:

“Çünki onlar “molla rejimi”ni ABŞ-nin regiondakı siyasətinə təhdid hesab edirlər. Danışıqlar çərçivəsində rəsmi Tehran yalnız öz şərtləri ilə razılıq əldə etmək istəyir. Bu vəziyyət, ABŞ ilə İranın tələblərinin toqquşmasına səbəb olur. Fikrimcə, mühafizəkar dairələr, məsələyə müdaxilə etməsə, islalahatçı nümayəndələr ABŞ ilə ortaq mövqeyə gələ biləcəklər. Digər tərəfdən isə ABŞ İran ətrafında hərbi qüvvələrini artırır. Bu da Tehrana qarşı hərbi əməliyyat variantını gündəmə gətirir. Görünən odur ki, Vaşinqtonun danışıqlar masasında “B” planı var. SEPAH və mühafizəkarlar müharibəni ertələmək istiqamətində səylər göstərsələr də, bu, ABŞ-nin regiondakı geosiyasi maraqlarına cavab vermir. Əgər tərəflər arasındakı danışıqların müddəti uzansa, ABŞ İranın vaxt qazandığını düşünüb, ölkənin ali rəhbərliyinə qarşı, hərbi əməliyyatlara başlayacaq”. 

Aybəniz Səfərova