Vüqar Bayramov: Almaniya Bakı üçün vacib tərəfdaşlardan biridir

Azərbaycan Prezidenti İlham Əliyev mayın 30-da Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsı qəbul edib.
Görüşdə Prezident İlham Əliyevin Almaniya biznes dairələri ilə əvvəlki görüşləri xatırlandı, iki ölkə arasında, xüsusən iqtisadi sahədə əməkdaşlığın inkişaf etdiyi vurğulandı. Almaniya Prezidentinin Azərbaycana səfərinin münasibətlərin genişlənməsinə töhfə verdiyi bildirildi.
Mixael Harms səfərinin faydalı olacağına ümidvar olduğunu bildirərək, AZPROMO ilə iqtisadi layihələrə dair “Yol xəritəsi”nin imzalanacağını qeyd etdi və bu istiqamətdə dövlət başçısının siyasi dəstəyini yüksək qiymətləndirdi.
Görüşdə Azərbaycandakı əlverişli investisiya mühiti, alman iş adamlarının sərmayə maraqları və iqtisadi əlaqələrin gələcəyi müzakirə olundu.
Milli Məclisin deputatı Vüqar Bayramov Sherg.az-a bildirib ki, çox xarici siyasətə üstünlük verən Azərbaycan həm Qərb, həm də Şərqlə münasibətləri dərinləşdirir:
"Ölkəmiz Avropanın bir sıra dövlətləri ilə iqtisadi əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Artıq Azərbaycan ümumilikdə 412, Avropada isə 10 ölkəyə mavi qaz nəql edir. Eyni zamanda Almaniya Bakı üçün vacib tərəfdaşlardan biridir. Nəzərə alaq ki, hazırda Almaniya praktiki olaraq dünyanın aparıcı iqtisadi güclərindən hesab olunur. Bir tərəfdən ölkənin xaricə dövriyyəsini artırma imkanı yüksəkdir. Cənab Prezident İlham Əliyev tərəfindən 2021-ci il və növbəti illərdə Azərbaycana daha çox xarici investisiyaların cəlb olunması əsas iqtisadi hədəflərdən biri kimi müəyyənləşdirilib. Bu baxımdan Almaniyanın həm ticarət dövriyyəsini genişləndirməsi, xüsusilə texnologiyaların idxalında əməkdaşlıq imkanlarımız yüksəkdir. Ümumiyyətlə bu kimi görüşlər və qarşılıqlı səfərlər iki ölkə arasındakı iqtisadi əlaqələrin dərinləşməsinə gətirib çıxaracaq".