Türkiyədə yeni evlənən gənclərə 2 il müddətində geri ödəniş olmadan 150 min lira məbləğində güzəştli kredit veriləcək.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarı “Rəsmi Gazete”də dərc olunub.
Bildirilib ki, bu, pilot layihədir. Layihə öncə bu il fevralın 6-da zəlzələ baş vermiş ərazilərdə tətbiq olunacaq.
Məqsəd ailə institunun güclənməsi, gənclərin sosial rifahına dəstək verilməsidir.
Mövzu ilə bağlı “Sherg.az”a danışan iqtisadçı ekspert Fuad İbrahimov bildirib ki, belə pilot layihələrin Azərbaycanda da keçirilməsi mümkün və olduqca vacibdir:
“Bunun təbliğatı aparılmalıdır. Sözü gedən layihələri həyata keçirən dövlət orqanları ilə Milli Məclis mütləq şəkildə məsələyə baxmalıdırlar. Gənçliyi qayğısız buraxmaq olmaz. Ən azından diferensial qaydada pilot layihələr həyata keçirilməlidir. Gənc ailələri stimullaşdıracaq təkliflər hazırlanmalıdır. Yeni ailə qurmuş gənclər daim onlara dəstəyin olduğunu hiss etməlidirlər. Bu güzəştli kreditlər boş-boşuna verilmir. Müəyyən şərtlər müqabiləndə gənclərə belə fürsətlərdən yararlanma şansı verilir. Nəticədə isə şərtlərə cavab verə bilmək üçün gəncliyin öz üzərində işləməsinə şərait yaranır. Belə layihələr yalnız ali təhsil almış şəxsləri deyil, bütün təbəqələri əhatə edəcək şəkildə hazırlanmalıdır”.