Seysmologiya üzrə mütəxəssislər yetişməlidir-Ekspert

Bu iş AMEA-ya tapşırılmalı, cavabdehliyi də onlar daşımalıdır

  Seysmologiya sahəsində doktorontura təhsili olmalıdır. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli AMEA-nın ümumi yığıncağında danışıb. O bildirib ki, bu məsələ Nazirlər Kabineti qarşısında qaldırılmaldır: "Ölkəmizdə seysmologiya üzrə doktorantura təhsili yoxdur. Lakin bu məsələ çox önəmlidir. Ölkədə seysmologiya sahəsində alimlərimizin sayı barmaqla sayılacaq qədərdir. Belə getsə, bir müddətdən sonra bu sahədə alim tapılmayacaq". 
  
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev “Sherg a”a açıqlamasında qeyd etdi ki, hazırda rəqəmsal texnologiyalar təbii fəlakətlərin öyrənilməsi və proqnozlaşdırılmasında ən mühüm vasitədir: 

"Qardaş Türkiyədəki zəlzələ dəhşəti göstərdi ki, təbii fəlakətləri proqnozlaşdırmaq da vacibdir, proqnozlara diqqət etmək və qabaqlayıcı tədbirlər görmək də. Hazırda elə texnologiyalar mövcuddur ki, təbii fəlakətlərin növünü, miqyasını müəyyənləşdirir. Peyk vasitəsilə kosmosdan görüntülər əldə edilir, yerin quruluşu, qatlarda baş verən proseslər, dəyişikliklər, hamısını qeydə almaq, görüntülər əldə etmək mümkündür. Bu imkanlardan faydalanmaq lazımdır. Müasir texnologiyalar, rəqəmsallaşma təhlükələrin önlənməsinə kömək edir. Zəlzələ zamanı insanların xilasında lazer cihazlarından necə uğurla istifadə edildi. Bu cür vasitələr təkcə təbii fəlakətlər zamanı deyil, gündəlik həyatda da istifadə edilməlidir. Fiziki gücün yetmədiyi yerdə cihazlar önə keçir. Biz bunu zəlzələ dağıntılarının aradan qaldırılmasında və insanların xilası zamanı gördük. Reallıq artıq bunu tələb edir ki, müdafiə və təhlükəsizliyin təminatında rəqəmsal texnologiyalardan istifadə edilsin. Lakin bunu biləcək mütəxəssislər də olmalıdır. Bizim seysmologiya sahəsində ixtisaslı kadrlara, mütəxəssislərə, həmçinin də elmi araşdırmalar aparan, təbii fəlakətləri elmi cəhətdən, rəqəmsal texnologiyalar vasitəsilə öyrənən alimlərimiz olmalıdır. Bu iş AMEA-ya tapşırılmalı, cavabdehliyi də onlar daşımalıdır, seysmologiya üzrə mütəxəssislər yetişməlidir. Azərbaycanın İkram Kərimov kimi seysmoloq alimi var. Bu adam ilk tektonik silahın yaradıcısıdır. Seysmoloq alimlərimiz var, onların elmi bazasından istifadə edilməlidir. Təəssüf ki, bizdə həmişə hadisələrin ardınca qaçırlar. Hadisələri qabaqlaya bilmirlər".